Paşinyan öz ətrafını “təmizləyir”

Baş nazirin islahatları göstərir ki, o, həqiqətən Ermənistanı və erməni xalqını dəyişmək istəyir

  Ermənistan Baş naziri Nikol Paşinyan komandasında ciddi “təmizlik işi”nə başlayıb. “Joqovurd” qəzeti məlumat yayıb ki, Paşinyanın gözlənilməz qərarlarından sonra hökumətdə çaşqınlıq hökm sürür: “Baş nazirin qərarları nazirləri və qubernatorları çaşdırıb. 2024-cü il hökumətdə qovulmalar paradı ilə başlayıb. Onun kortəbii qərarları hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvlərini təəccübləndirib". Nəşrin iddiasına görə, Paşinyanın regional rəhbərliklər və hökumət kabinetində başladığı “təmizləmə” davam edəcək, yaxın gələcəkdə çoxsaylı ixtisarlar olacaq. Paşinyanın bu qərarları o qədər tələsik verilib ki, hakimiyyət işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxt tapmayıb.
  Ermənistanda cərəyan edən hadisələrlə bağlı "Sherg.az"a danışan politoloq Qabil Hüseynli deyib ki, Nikol Paşinyanın mövcud hakimiyyət daxilində ciddi təmizləmə aparması təqdirəlayiqdir.

Analitik vurğulayıb ki, Azərbaycanla sülh müzakirələrində və müqavilənin imzalanmasında problemlər, əngəllər yaranmaması üçün Paşinyan ilk növbədə öz ətrafını təmizləməli, yanında etimad göstərə biləcəyi şəxsləri saxlamalıdır: "Ermənistanda sülh müqaviləsindən əvvəl, yaxud sonra parlament seçkilərinin keçirilə biləcəyi deyilir. Qətiyyətli addım ata bilmək üçün hökumətin dayaqları möhkəmlənməlidir. Hakimiyyətdə qaçılmaz kadr islahatları həm də Paşinyanın elektoral bazasını genişləndirmək üçün vacibdir. Paşinyan ciddi addımlar atmalıdır ki, erməni cəmiyyətində reytinqi artsın. Korrupsiyanın aradan qaldırılması istiqamətində atılan addımlar da baş nazirin nüfuzunu qaldırmağa xidmət edir. Paşinyanın islahatları göstərir ki, o, həqiqətən Ermənistanı və erməni xalqını dəyişmək istəyir. Ən azından bu yöndə çalışır, fəaliyyət göstərir".