Fazil Mustafa:“Prezidentin çağırışı unikaldır”


 “Bunu işlək vəziyyətə gətirmək isə dövlət aparatında olan insanların borcudur”

“Dövlət başçısının çox önəmli və zəruri çağırışlarını canlı sistemə, hərəkət trayektoriyasına çevirməyə ehtiyac var. Bunu reallaşdıra bilsək, müsbət bir işin əsasını qoymuş olarıq”


  Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bir çox məsələyə toxundu, əhatəli açıqlamalar verdi, konkret bəyanatlar səsləndirdi. Dövlət başçısının diqqət çəkdiyi önəmli məqamlardan biri də yeni reallıqlar fonunda gələcəyə yönəlik addımlar, sonrakı mərhələdə görüləcək işlər və izlənəcək yeni yolla bağlı idi. Ölkə başçısı vurğuladı ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi ki, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında sıx birləşdi və bunu əldə etdik. Yeni mərhələyə qədəm qoyduğumuzu xatırladan Prezident gələcək inkişafla bağlı fikirlərinin olduğunu və bir çox hallarda onların həlledici olacağını söylədi. Bununla yanaşı, dövlət başçısı ölkə ictimaiyyətinə, ziyalılara, elm adamlarına da çağırış etdi: "Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin. siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu bir ictimai müzakirə mövzusu olmalıdır". Prezident əlavə etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır: "Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək". 
  

Dövlət başçısının xüsusi diqqət yönəltdiyi məsələni "Şərq"ə dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, Prezidentin müsahibəsi Azərbaycan üçün aydınlanma prosesinin unikal başlanğıcı oldu. Deputat vurğulayıb ki, indiyədək görülən işlərin, Azərbaycanı gözləyən təhlükələrin, dövlət səviyyəsində və beynəlxalq siyasətdə bundan sonra atılacaq addımların bütün konturları ölkə başçısının çıxışında əks olunmuşdu: 

"Bu, olduqca səmimi, açıq-aydın və dürüst bir yanaşmanın nümunəsi idi. Çox zövqlə müsahibəni axıradək dinlədim və bir neçə epizoda təkrar baxdım. Bəli, dövlət başçısının çıxışında ən önəmli məqam bu idi. Bizdə çatışmayan mühüm məsələlərlə, problemlərlə bağlı elmi, ictimai diskussiyalardır. Problem ideyalarla bağlı müzakirələrin aparılmaması, ideyaların dinlənilməməsidir. Halbuki hansısa formada, yəni Prezidentin duya biləcəyi, eşidəcəyi formada bunu mütləq etmək lazımdır. Verilən reaksiyalardan görürük ki, ölkə Prezidenti Milli Məclisdəki çıxışları, təklifləri izləyir. Çıxışların rasional tərəflərinə dərhal müvafiq qərarlarla reaksiya verilir. Bu, müsbət haldır. Amma ölkə təkcə Milli Məclisdən ibarət deyil. Cəmiyyətin müxtəlif spektrlərindən gələn səslərin duyulmasına, müzakirələrin vaxtında eşidilməsinə ehtiyac var. Əlbəttə, müzakirələri də stimullaşdırmalıyıq, bunlardan qorxmaq lazım deyil. Bəzən müəyyən mərhələdə məmurlar müzakirələrə qorxu ilə yanaşırlar, bunu təhlükəli simptomlarla qarşılamağa çalışırlar. Əslində, bunu etmək olmaz. Çünki Prezident də göstərdi ki, bu, bilavasitə onun özünə lazımdır". 
  Parlament üzvü diqqətə çatdırıb ki, bir çox hallarda terminləri düzgün tapmalıyıq, problemin adını doğru müəyyənləşdirməliyik: "Ümumi dalğada hamımız təriflə məşğul olsaq, hər şeyin üstünü qapatmağa çalışsaq, qətiyyən irəli gedə bilmərik. Müzakirələrlə bütün sahələrdə olan boşluqları görmək mümkün olacaq. Ona görə də Prezidentin çağırışı unikaldır. Bunu işlək vəziyyətə gətirmək isə dövlət aparatında olan insanların borcudur. Əgər hansısa formada prosesin önünü almağa, qapatmağa çalışsalar, təbii ki, yeni ideyalar ortaya çıxmayacaq. Xatırladım ki, Prezident ötən dövrdə çağırış etmişdi ki, iş adamları Qarabağda işlərini qursunlar, fəaliyyət göstərsinlər. Amma ora getməzdən öncə iş adamlarının problemlərini dinləyəcək mexanizmlər lazımdır. Öyrənilməlidir ki, iş adamları niyə Qarabağa sərmayə qoymurlar? Sahibkarları qorxudan, çəkindirən amillər nələrdir? Yəqin ki, bir çox hallarda məhkəmə, hansısa bürokratik əngəlləmələrdir. 
  Qanuni yoxlamalardan kənar hansı məhdudiyyətlər var ki, sahibkarlar özlərini inamlı hiss etmirlər? Əgər iş adamlarında inam olsaydı, əmin olun, qısa müddətdə, heç dövlətin də sərmayəsi olmadan Qarabağda böyük dirçəlişi təmin etmək mümkün olacaqdı. O baxımdan hesab edirəm ki, dövlət başçısının çox önəmli və zəruri çağırışlarını canlı sistemə, hərəkət trayektoriyasına çevirməyə ehtiyac var. Bunu reallaşdıra bilsək, müsbət bir işin əsasını qoymuş olarıq. Prezidentin sözlərinin əhəmiyyəti də cəmiyyət tərəfindən daha çox anlaşılar".