“Yer və şəxs adlarında imkanlarımız ola-ola özümüzü məhdudlaşdırıb eyni adları qoyuruq”
"Azərbaycanda yer və şəxs adlarının qoyulmasına məhdudiyyət götürülməlidir". Bu təkliflə Milli Məclisin komitə iclasında parlamentin Regional məsələlər komitəsinin üzvü, deputat Nizami Cəfərov çıxış edib. Onun sözlərinə görə, mütəxəssislərin iştirakı ilə yer adlarının qoyulması prinsipləri və üsulları müzakirə edilməlidir: “Çünki bu məsələdə pərakəndəlik olmamalıdır. Bu sahədə yaxşı mütəxəssislərimiz və təcrübəmiz var. Yəni birinci hansı ad qoyulmalıdır, sonra hansı ad gələ bilər məsələsi vacibdir. Çünki yer və şəxs adlarında imkanlarımız ola-ola özümüzü məhdudlaşdırıb eyni adları qoyuruq. Yaxud parıltılı adlar qoyub tarixi unuduruq. Misal olaraq, Ermənistanda olan yer adları ilə bağlı yaxşı mütəxəssislərimiz var. Bizim də bu sahədə təsəvvürlərimiz aydın olsun. Siyasi coğrafiya nə qədər məhdudlaşdırılmış olsa da xalq bütövdür”. Deputat bildirib ki, xalq öz coğrafiyasını hər yerdə yaşadır: “Biz bu gün uşaqlarımıza, küçələrimizə Təbriz adı qoyuruq. Biz bu adı yaşadırıq. Bu bizim siyasətimizdir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarı Nizami Cəfərovun fikrini dəstəkləyib və bildirib ki, toponimiya sahəsində dinləmə keçirilə bilər:
“Yeni adlara ehtiyac var. Bu yaxınlarda Toponimiya Komissiyasında yeni salınan bir qəsəbəyə Şəfəq adı verdilər. Heç Şəfəqin yeridir?! İndi belə ad qalıb? Bu məsələ bizə gəlməmişdi. Daxil olanda baxacağıq, bu adın mənbəyi haradan gəlir”.
Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi barədə qərar qəbul edilib.