Azərbaycan beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb

Osman Gündüzün fikrincə, göstəricilər tam olaraq reallığı əks etdirir və bu uğurun əldə edilməsində xüsusi rol oynayan məqamlar var

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb. Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024 ) açıqlanıb. Bu dəfə qiymətləndirmədə cəmi 31 ölkə əhatə olunub. Metedologiya təkmilləşdirilib.
Bu qlobal indeks kibertəhlükəsizlik sahəsində ölkələrin hazırlığını real vaxt rejimində ölçür. Bu il 49 indikator üzrə qiymətləndirilən reytinq cədvəlində Azərbaycan 66.67 balla 12-ci pillədə qərarlaşıb.
Ötən il isə bu reytinqdə Azərbaycanın mövqeyi 176 ölkə arasında 33 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə yüksəlmişdi. Qurumun saytındakı arxivdən görünür ki, 2016-2023-cü illər ərzində bu reytinqdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək nəticə 63.64 bal olub. Bu il əldə olunan 66.67 bal indiyədək Azərbaycanın bu reytinqdə qazandığı ən yüksək nəticədir.
Xatırladaq ki, 2022-ci ilədək Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi.
Bəs, Azərbaycanın sözügedən qlobal indeksdə yüksək nəticə göstərməsi reallığı əks etdirirmi?
  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, göstəricilər tam olaraq reallığı əks etdirir və bu uğurun əldə edilməsində xüsusi rol oynayan məqamlar var:

“Son iki ildə bu sektorda ciddi keyfiyyət dəyişiklikləri baş verib, uzun illər müzakirə olunan strategiya qəbul edilib.
  Kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən uğurlu addımlar atılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin "Technion" Universiteti ilə birgə sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb”.
  Ekspertin sözlərinə görə, son ildə Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti də nəzərəçarpacaq dərəcədə artıb. XRİTDX-nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əlaqələri güclənib, hesabatlığı və aktivliyi xeyli yüksəlib, maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr və tədbirlər təşkil edib. Həmçinin İT sektorunda yeni səlahiyyətlər əldə edən Daxili İşlər Nazirliyinin də fəaliyyəti canlanıb. Universitetlərdə, xüsusilə Azərbaycan Texniki Universitetində iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s”.