Osman Gündüz təəssüflənir: “Nokia” bizdə modem satır, Ermənistanda 5G qurur

  Dünyanın bir çox ölkələri kommersiya yönümlü 5G mobil şəbəkələri qurmağa başlayıblar. Müşahidələr göstərir ki, artıq qonşu ölkələr də pilot rejimdə 5G şəbəkələrini qurublar. Bizim ölkəmizdə hələlik bununla bağlı hər hansı real addımlar müşahidə olunmur.
  Mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az"a açıqlamasında böyük təəssüf hissi ilə vurğulayıb ki, “Nokia” bizdə modem satır, Ermənistanda 5G qurur.
Son zamanlar bir çox qlobal texnoloji şirkətlərinin Ermənistanla ciddi işbirliyi qurduğunu vurğulayan O.Gündüz deyib ki, Ermənistanın Ucom mobil operatoru "Nokia" şirkəti ilə müqavilə bağlayıb. Müqavilə Ermənistanda 5G mobil şəbəkəsinin quraşdırılmasını nəzərdə tutur. Xatırladıram ki, Ermənistanın iki mobil operatoru ötən ildən 5G lisenziyası alıb və hazırda bu ölkənin müxtəlif ərazilərində 5G şəbəkəsi qururlar.
Yeri gəlmişkən, "Aztelekom" və "Baktelekom" da "Nokia" ilə əməkdaşlıq edirlər.
  Bildiyim qədər yalnız "Nokia"ya məxsus bahalı modemlərin şəbəkədə istifadə edilməsi ilə bağlı əslində, antiinhisar qanunvericiliyə zidd olan müqavilələri də var. Azərbaycan 5G texnologiyalarının tətbiqi sahəsində region ölkələrindən xeyli geridədir. Uzun müddət ölkəmizdə 5G üçün gərəkli olan tezliklər digər qurumlar tərəfindən istifadə edilirdi.
Yalnız 2 il öncə RİNN bu sahədə dönüş yaratmağa başlayıb. Dövlət Radiotezliklər İdarəsi bununla bağlı konseptual sənəd hazırlayıb.
Ötən il nəhayət ki, DRİ və İKTA 5G ilə bağlı İşçi qrup yaratdılar, 5G tezliklərini istismar edən digər qurumlardan alınması, onlara kompensasiya ödənilməsi üçün hüquqi əsasların yaradılması istiqamətində ciddi addımlar atdılar. Lakin hələlik proses yenidən donub. Görünən odur ki, bizim mobil operatorlar 5G üçün tələsmirlər. Heç bir açıqlamaları da yoxdur. Dövlət şirkəti olaraq da "Azercell" üçün görünür ki, innovasiyalar elə də önəmli deyil. Düşünürəm ki, RİNN-in İKTA tənzimləyici qurumu sektorda rəqabətli mühitin, innovasiyaların inkişafı üçün, Azərbaycanın rəqabətə davamlı texnoloji infrastrukturunun qurulması üçün səylərini gücləndirməlidir.