Zəngəzur uğrunda SAVAŞ GEDİR - Hərbi ekspert

“Ermənistan 3 ildir sülh müqaviləsindən qaçırsa, prinsip etibarı ilə biz  hələ də Ermənistanla  müharibə şəraitində yaşayırıq"

"Baş verənlər Avropa İttifaqına üzv dövlətlərin Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizinə nəzarət etmək planına hesablanıb"


Azərbaycan-Ermənistan şərti sərhəddində növbəti dəfə təxribat baş verib. Dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində bir hərbi qulluqçumuz yaralanıb. Atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb. 

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub: “Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Qeyd edək ki, bu hadisə ordumuz tərəfindən 2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror əməliyyatlarından sonra Ermənistan tərəfindən törədilmiş ilk silahlı təxribatdır. 

Ehtiyatda olan polkovnik,  Şair Ramaldanov “Sherg.az”a açıqlamasında baş vermiş təxribatın gözlənilən olduğunu deyib:  

“Burada təəccüblü heç nə yoxdur. Əgər 3 ildir Azərbaycan sülh istəyir və Ermənistan sülh müqaviləsindən qaçırsa, obyektiv bir mane olmadığı halda sülh müqaviləsi bağlanmırsa,   prinsip etibarı ilə biz  hələ də Ermənistanla  müharibə şəraitində yaşayırıq. 
Ermənistanın  siyasi rəhbərliyinin ona havadarlıq edən xarici qüvvələr tərəfindən idarə edilməsi səbəbindən  sülh danışıqları istiqamətində aparılan danışıqlar nəticə vermir. 
10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyənatda öz əksini tapmasına rəğmən 3 ildən çoxdur nə sərhəddə delimitasiya-demarkasiya ilə bağlı, nə də Zəngəzur dəhlizinin açılması istiqamətində bir irəliləyiş var.
Müqavilənin 4-cü bəndinə görə, Qarabağdakı qanunsuz silahlı birləşmələr tərk islah edilməli idi, lakin Ermənistan buna da əməl etmədiyi üçün Azərbaycan Silahlı Qüvvləri antiterror əməliyyatları keçirməklə həmin qüvvələri torpaqlarımızdan çıxartdı. 
 Bunlar açıq-aydın göstərir ki, havadarları, xüsusən də Avropa İttifaqı  Ermənistanı bu cür təxribatlara sövq edərək münaqişənin yenidən alovlanmasına şərait yaradır. 
Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan Fransa lisenziyası ilə istehsal olunmuş silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb. 
Fransanın, Hindistanın və digər ölkələrin intensiv şəkildə Ermənistanı silahlandırması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına mane olur. Əgər sülh müqaviləsi ilə bağlı konkret razılıq əldə olunmazsa, bu cür təxribatlar davamlı olacaq. 
Bütün bunlar isə bimənalı olaraq Avropa İttifaqına üzv dövlətlərin Cənubi Qafqaza, xüsusən də Zəngəzur dəhlizinə nəzarət etmək planına hesablanıb. 
Bir çox ölkələrin iqtisadi inkişaf və tərəqqisinə güclü təkan verəcək bu nəhəng layihə dünyanın böyük güclərinin marağındadır. Bu  güclər başa düşür ki, məhsullar istehsal etmək işin yalnız bir hissəsidir. Ən vacib olan əmtəələri tez və az məsrəflə dünyanın əsas istehlak bazarlarına çatdırmaqdır. İri nəqliyyət dəhlizlərinin açılması və səmərəli fəa­liyyət göstərməsi məhz bunun üçün lazımdır. Yaxın Şərqdəki qanlı münaqişələr səbəbindən “Cənub dəhlizi” layihəsi öz aktuallığını itirib. Ən real və icrası tezliklə ehtimal olunan yol Orta Asiya, Azərbaycandan keçərək hazırda Ermənistan ərazisində yerləşən Zəngəzur dəhlizi üzərindən Türkiyəni, Şərqi və Qərbi Avropanı birləşdirən “Orta dəhliz”dir. Onun real­laşması üçün artıq müəyyən uğurlu addımlar atılıb.  Lakin Cənubi Qafqazada heç bir söz haqqı olmayan  Fransa sözügedən dəhlizin açılmasına süni maneələr törətməyə cəhd edir. Regionda öz mövcudluğunu qorumaq üçün Ermənistan siyasi hakimiyyətinə yalan vədlər verən Fransa müxtəlif bəhanələrlə sülh müqaviləsinin bağlanmasına mane olur, Paşinyan hakimiyyətininkonstruktiv mövqe  tutmasına  mane olur. Təsadüfi deyil ki, Avropa İttifaqı iki ay ərzində Azərbaycanla sərhəddə 50 nəfərə yaxın müşahidəçi göndərib. Bu addım təktərəfli qaydada atılıb və Azərbaycanın bununla bağlı mövqeyi öncədən bəllidir. Ermənistan Avropa İttifaqının təzyiqləri ilə məhz təxribatın baş verdiyi Zəngilan istiqamətində müşahidəçilərin sayını artırmaqla 200 nəfərə çatdırıb. Paralel olaraq, müşahidəçilər tərəfindən Zəngilan istiqamətində vəziyyətin gərginləşəcəyi ilə bağlı öncədən təxribatçı bəyənatlar verilirdi. Son çıxışlarında Paşinyanın ritorikasının sərtləşməsi də müşahidə edilirdi.  Hətta bəzi ölkələrin səfirlikləri Ermənistanda olan vətəndaşlarına sərhəd istiqamətinə getməməklə bağlı əvvəldən dəfələrlə xəbərdarlıq edib. Bir neçə gün əvvəl də Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən erməni kəndlərinin boşalması, dövlət strukturlarının ləğv edilməsi kimi xəbərlər  yayılmışdı. 
Eyni zamanda Avropa məmurlarının,  Ermənistana gəlməsi, Fransa generalının Ermənistana səfəri və Azərbaycanla sərhəddə peyda olması, "binokl diplomatiyası", ABŞ instruktorlarının Ermənistanda çalışması, Çexiya casusunun saxlanması və digər faktlar ekspertlər tərəfindən Ermənistanın hərbi əməliyyatlara hazırlanmsı  kimi şərh edildi.
Nəticə özünü çox gözlətmədi bə artıq göz qarşısındadır.Ümumiyyətlə  Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir. Ermənistan Aİ missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi,  vəziyyətin gərginləşməsinə çalışıldığına heç bir şübhəmiz yoxdur.  
Polkovnik bundan sonra da baş verəcək istənilən təxribata adekvat cavab veriləcəyini bildirib: “İstər Azərbaycan Ordusu, istərsə də Dövlət Sərhəd Xidməti sərhəddə baş verən istənilən hərəkətlilik və təxribatla bağlı yerindəcə cavab tədbirləri görür. Dünənki təxribatın ola biləcəyi ilə bağlı proqnozları hərbi ekspertlər də tez-tez dilə gətirirdi. Video-kadrda göründüyü kimi təxribatı törədən erməni snayperi həmin mövqeyə sonradan gətirilib. Atəş sonrası sanyperin mövqeyi tərk etməsi də düşünülmüş təxribat olduğunu formada sübut edir. Təxribatın məqsədi vəziyyəti gərginləşdirmək, yeni münaqişə ocağı yaratmaq və bu fonda Azərbaycanı müharibəyə təşviq etməkdir. Bu gün Dövlət Sərhəd Xidməti tərəfindən sərhədçimizə atəş açılan post məhv edilib. Ermənistan tərəfindən itkilərin olduğu ilə bağlı xəbərlər var. Azərbaycan bundan sonra da bu cür təxribatlarla bağlı adekvat cavab tədbirlər görəcək. “Dəmir Yumruq” həmişə hazırdır”.