Dönərə it əti qatsalar da, heç kəsin xəbəri olmayacaq -  ŞƏRH

Ölkədə qida təhlükəsizliyi qara camaat üçün təmin olunmur

  Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
TƏBİB verilən məlumata görə, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.
  Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.
Qeyd edək ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mersin” dönər evindən aldıqları dönəri yedikdən sonra uşaqlar özlərini pis hiss etdiklərini bildiriblər.
  Ekspertlərin fikrincə, dönərdən zəhərlənmənin qarşısını almaq üçün istifadə edilən məhsullar keyfiyyətli olmalı, sanitar-gigiyenik qaydalara riayət edilməlidir.
Eyni zamanda bildirilir ki, bir çox hallarda dönərə qatılan ərzaqların yuyulması doğru şəkildə həyata keçirilmir ki, nəticədə zəhərlənmə təkcə ətdən deyil, digər məhsullardan da yarana bilər.
  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Sherg.az"a açıqlamasına görə, hər gün dönərdən zəhərlənmə hadisəsi baş verir. Sadəcə hadisə kütləvi xarakter alanda media, sosial şəbəkələr məlumatlı olur.

"Adətən dönərdən zəhərlənmələrə qarşı ev şəraitində tədbir görülür, yalnız ağırlaşmalar olanda insanlar xəstəxanaya müraciət edir. Zəhərlənmələrin bu qədər çox olması isə nəzarətsizliklə bağlıdır. Dönərxanalar Azərbaycanın bir nömrəli bəlasına çevrilib. Müvafiq qurum sadəcə qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə ortalıqda qalıb. Hesab edirəm ki, Agentliyin funksiyasında keyfiyyətə nəzarət ciddi olaraq önə çəkilməlidir".
  İlahiyyatçı Tural İrfan isə hesab edir ki, satılan dönərlərin ətinin normalara uyğun olmasına nəzarət yoxdur. Dönərçi axşam it kəsib səhər dönərə qatsa, onu heç kəs yoxlamayacaq:

“İt, pişik, at, eşşək, leş, köhnə, müddəti bitmiş, kiflənmiş.., nə əllərinə gəldi qata bilirlər. Ölkədə qida təhlükəsizliyi qara camaat üçün təmin olunmur. Suyun tərkibi yoxlanılmır. Marketlərdə satılan məhsulların çoxunu it və pişiyə təqdim edəndə nə qədər ac olsalar da yemirlər. İstəsəniz yoxlayın. Çünki heyvanın hissiyyatı daha güclüdür. Biz isə məcbur olub yeyirik. Ceyranbatan suyunu filtrdən keçirmirlər. Keçirilirsə də, o filtrlərin necə işlədiyini fələk də bilmir. Mal-qara da yox, təsərrüfat üçün nəzərdə tutulan suyu içirik. Yəni yonca, qarğıdalı, arpa suvarılan suyu...”