Rey Kərimoğlu: “Vilayət Eyvazova müraciət edirik, xahiş edirik problemi həll etsin”

Qazilər cəriməni ödəyə bilmirlər

Eləsi var ki, cərimələri idarə etdikləri maşının qiymətinə gəlib çatıb

  Avtomobili dövlət nömrə nişanı olmadan idarə edən Vətən müharibəsi qazisi barədə Avtosfer.az saytı məlumat verib. Qeyd edilir ki, avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək qanunla qadağandır. Lakin belə sürücülərə rast gəlinir. Belələri arasında Vətən müharibəsi iştirakçılarının olması isə təəssüf doğurur. Xoşagəlməz hadisə fevralın 20-si axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanının girişində qeydə alınıb. “Naz Lifan” markalı maşının sürücüsü nəqliyyat vasitəsini nömrəsiz idarə edib. Avtomobili dövlət nömrə nişanı olmadan sürdüyü üçün onun aeroporta girişi məhdudlaşdırlıb. Nömrəsiz nəqliyyat vasitələrinin girişinə icazə verilmədiyi qeyd olunduqda isə sürücü, qazi olduğunu vurğulayıb. Mübahisə etməyə başlayan qazi bir müddət sonra ərazidən uzaqlaşıb. Səbəb isə hava limanına giriş zamanı orada parklanma üçün qeydiyyatın aparılmasıdır. Belə ki, hava limanına daxil olan avtomobillərin nömrələri xüsusi texniki vasitə ilə sistemə vurulur və sürücüyə müvafiq kart təqdim olunur. Bu həm təhlükəsizlik, həm də parklanmaya görə ödəniş edilməsi üçün zəruridir. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.
  "Qarabağ Qaziləri" İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, hərbi jurnalist Rey Kərimoğlu “Sherg.az"a açıqlamasında qeyd etdi ki, avtomobili nömrəsiz idarə etmək yolverilməzdir. Amma burada həllini gözləyən böyük problem var:
- Biz avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsinin əleyhinəyik. Amma digər tərəfdən, qazilər də qınanılası deyil. Qazilərə qanunsuz cərimələr yazılıb. Qazilərə dövlət tərəfindən hədiyyə edilən avtomobillər bir neçə il əvvələdək texniki baxışdan azad idi. Ona görə də qazilər avtomobillərini texniki baxışa aparmırdı. Amma son 4 ildə texniki baxışdan keçməmiş avtomobillər radarlar tərəfindən qeydə alınır. Beləliklə, qazilərə də cərimələr yazılır. Qazilər belə bir qayda dəyişikliyindən xəbərsiz olublar. Cərimələr də yığılıb qalıb. İndi də cərimələri ödəmək gücündə deyillər deyə, cərimələr silinmir. Avtomobili texniki baxışa aparanda orda onlara bildirirlər ki, cərimələr ödənməlidir, sonra avtomobil texniki baxışdan keçiriləcək. Bu da mümkün olmadığı üçün cərimə silinmir, silinmədiyi üçün də hər 20 gündən bir üzərinə yeni cərimə əlavə olunur, avtomobili texniki baxışdan yenə keçirə bilmirlər, buna görə avtomobili saxlayıb yenə cərimə edirlər. Belə-belə cərimələr getdikcə artır. Qazi də məcbur qalıb nömrəni açır, maşını nömrəsiz idarə edir. Elə maşın var, cəriməsi həmin maşının qiymətinə gəlib çatıb. Qazi bunu necə ödəyə bilər?!
  R.Kərimoğlu bildirdi ki, problemin həlli üçün Daxili İşlər Nazirliyinə müraciət edilib:
- Biz bu problemin həlli üçün DİN-ə müraciət etmişik, xahiş etmişik ki, cərimələr müvəqqəti dondurulsun, qazilərin avtomobilləri texniki baxışdan keçirilsin, dövlət nömrə nişanı taxılsın. Sonra cərimələr hissə-hissə ödənilsin. Böyük məbləğdə toplanmış cərimələri qazilər ödəyə bilmirlər. Texniki baxışa da gedə bilmirlər. Bu problem həll olunmalıdır. DİN-ə də demişik, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev də məsələdən xəbərdardır, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da. Dəstək olmağa çalışıblar. Amma alınmayıb. Biz yenə də daxili işlər naziri Vilayət Eyvazova müraciət edirik, xahiş edirik problemi həll etsin. O avtomobillər Vətən qazilərinin ayaqlarıdır. Avtomobillər qazilərin ayaqlarını əvəz edir. Avtomobilsiz hərəkət edə bilməzlər. Bəzisi üçün bu avtomobillər gündəlik qazanc mənbəyidir. Bu problem həllini tapmalıdır.