Xalqımızın hafizəsini, tarixi yaddaşını qoruyan alim

  Qədim tarixə söykənən Azərbaycan tarixinin tarixi sənədlərə, faktlara əsaslanaraq çağdaş formada təqdimatında, arxiv sənədlərinin əldə olunması və mühafizəsində, təbliğində   filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Əsgər Rəsulovun əməyi hədsizdir. Milli Arxiv Tarixinin yaradılmasında böyük fəaliyyət platforması yaradan Əsgər Rəsulovun əməyinə ən böyük qiyməti, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verdi. Çox da uzaq olmayan tarixdə, 2024-cü ilin 16 fevralında cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində Ə.Rəsulovu Milli Arxiv İdarəsinin rəisi vəzifəsinə yenidən təsdiqlədi. Bu, Azərbaycan dövlətinin, onun ali rəhbərinin Ə.Rəsulova olan inam və etimadı idi.

  70 yaşına qədəm qoyan Ə.Rəsulov 1954-cü ildə Naxçıvan şəhərində anadan olub, orta məktəbi bu qədim Azərbaycan şəhərində bitirib. Sonra yolu indiki Bakı Dövlət Universitetindən, şərqşünaslıq fakültəsindən keçib. 1976-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Ə.Rəsulovun yüksək təlim-tərbiyəyə, intellektə sahib olması müvafiq qurumların diqqətini çəkib. Hələ Sovetlər Birliyi zamanında 1976-1979-cu illərdə Türkiyə Cümhuriyyətinə xarici ezamiyyətə göndərilən Ə.Rəsulov yüksək peşəkarlıqla bu vəzifənin öhdəsindən gəlib.
  Sonrakı illərdə təhsil aldığı Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, 1980-2012-ci illərdə müəllim, baş müəllim, dosent və professor kimi fəaliyyət göstərir. Dilçilik sahəsində elmi fəaliyyət göstərir, 1983-cü ildə filologiya elmlər namizədi, 2005-ci ildə isə doktorluq disertasiyasını uğurla müdafiə edir.
  Xalqın hafizəsinin, tarixi yaddaşın qorunduğu milli arxiv işinin təşkili Ə.Rəsulovun fəaliyyətinin ən önəmli mərhələsini təşkil edir, bu sahəyə olan marağı, diqqəti onu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə gətirir.
  2012-ci ildən etibarən Əsgər müəllim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəis müavini, 2018-ci ildə isə rəis vəzifəsinə təyin olunur. Şərqşünas alim, Azərbaycanın dövlətçilik tarixinin mükəmməl bilicisi, yorulmaz pedaqoq  olmaqla yanaşı, Əsgər müəllim dövlətin ona olan etimadının ən yüksək səviyyədə təmini üçün Azərbaycanda arxivşünaslığın yeni tələblər baxımından formalaşmasına  öz töhfələrini verir. Ədəbi-bədii irsimizin, mədəniyyət, sənət salnamələrinin qorunub saxlanılmasında fəal rol oynayan Milli Arxiv İdarəsinin bölmə və idarə strukturları Azərbaycan arxivinin dinamik, müasir rəqəmsallaşma çağında Ə.Rəsulovun rəhbərliyi ilə fədakarlıq göstərir. Əsgər müəllimin göstəriş və istiqamətlərinə uyğun Milli Arxiv İdarəsinin işi yenidən qurulur, arxiv idarələrinin fondları zənginləşdirilir, fondlara yeni sənədlər, qiymətli mənbələr daxil edilir.
  Fəaliyyətinin ilk illərindən başlayaraq Əsgər müəllim milli arxivşünasların gərgin əməyinin nəticəsində toplanan tarixi milli sərvətlərin, fondlara daxil edilən milli-mədəniyyət nümunələrinin, kağız formatında qorunan "anadilli abidələri"mizin mühafizəsi, tədqiqi və təbliği sahəsində kifayət qədər uğurlu işlərə imza atdı. Arxiv işi və arxivşünaslıq sahəsində bir sıra dövlət proqramının və layihələrin qəbulunda Əsgər müəllimin müstəsna xidmətləri var.
  Arxiv əməkdaşları arasında sağlam mühitin yaradılmasında, bir ailə formatında fəaliyyət göstərilməsində Əsgər müəllim təcrübəli pedaqoq-alim, işgüzar idarəçi kimi seçilir və fəaliyyəti əməkdaşlar tərəfindən təqdir olunur. Arxivçi kadrların yeni nəslinin yetişməsi, təcrübədən qidalanan yeni ideyaların dəstəklənməsi, arxiv sənədlərinə mühafizəkar baxış Əsgər müəllimi fərqləndirən xüsusiyyət və keyfiyyətlərdir. Əsgər müəllimin kollektivçilik ruhu yüksəkdir, komanda işinin düzgün qurulması, təcrübəli əməkdaşlarla gənc arxivçilərinin işinin uzlaşdırılması müsbət nəticələr doğurur.
  S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində qorunan, daim zənginləşdirilən tarixi, ədəbi nümunələrin qorunması və təbliği sahəsində Əsgər müəllimin tapşırığı və tövsiyələri öz müsbət nəticələrini göstərir. Ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində yüz illər boyu Azərbaycan bədii fikrini, düşüncəsini formalaşdıran, milli incəsənətinə töhfələr verən böyük ustadların irsi etibarlı formada qorunur, hər il zənginləşdirilir, fondlara yeni sənədlər, arxiv məlumatları əlavə olunur.
  Kollektivdə milli duyğuların, dövlətə, dövlətçiliyə bağlılığın ən yaxşı örnəklərini vacib hesab edən, bu işdə yorulmadan çalışan Əsgər müəllimin 70 yaşı tamam olur. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əməkdaşları həssas insan, gözəl alim, pedaqoq və qayğıkeş rəhbəri ürəkdən təbrik edir, ona cansağlığı arzulayır.

Könül Nəsibova, 
S.Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru