Azərbaycanda internetin qiyməti 40 faiz artır. Bu barədə hələ ötən ayın sonunda ölkənin internet xidməti bazarında böyük paya malik olan "Aztelekom" MMC və "Baktelekom" MMC birgə məlumat yaymışdılar. Bildirilirdi ki, müştərilərin yüksəksürətli genişzolaqlı internetə artan tələbatını əsas tutaraq 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər ediləcək. Hər iki şirkət GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracağını vurğulayıb. Qərara görə, yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlamalı və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilməlidir. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Lakin istifadəçilərin əksəriyyəti internetin qiyməti artsa da onun sürətindən narazıdırlar.
Bəs görəsən, provayderlərin xidmət keyfiyyətini əsas tutaraq qiyməti qaldırması nə dərəcədə doğrudur? Bu addımı atarkən vətəndaşların gəlirləri niyə nəzərə alınmır?
Məsələni dəyərləndirən İT mütəxəssisi Fərhad Mirəliyev ''Sherg.az"a bildirib ki, internetin sürətində baş verən dəyişiklik yalnız qiymətin bahalaşması ilə müşahidə edildi:
''Amma heç bir halda bu rasional qərar kimi xarakterizə edilə bilməz. İnternetin sürətinin artması dünyada gedən ümumi texnoloji prosseslərlə bağlıdır. Yəni, inkişaf edən ölkələrdə uzun zamandır ki, internetin sürəti qeyd edilən rəqəmdən də çoxdur. Amma bundan əvvəl bir neçə dəfə intermetin qiymətində artım olmasına baxmayaraq, keyfiyyətində heç bir dəyişiklik hiss olunmadı. Ona görə də bu formada istifadəçilərin hansısa ehtiyaclarını bəhanə edərək minimal sürətlə internetin qiymətini bahalaşdırmaq başa düşülən deyil. Ümumiyyətlə, təhlillər aparaq. Məsələn, 90 faiz istifadəçi 100 meqabit sürətin hansı hissəsini istifadə edir? Sürətə daha çox tələbkar olan servisləri nəzərə alsaq, onlara 30-40 meqabit keyfiyyətli şəkildə kifayət edir. Hətta, bununla 4K ölçülü kino teatrlar, onlayn televiziyadan yararlanmaq olar. 100 meqabit sürətin verilməsi istifadəçiyə marketinq gedişatı təsiri bağışlasa da, əslində bu çəkidə aldatmaq kimi bir nüansdır. Yəni, istifadəçiyə istifadə etməyəcəyi 100 meqabiti məcburi sırıyırlar və 25 manat ödəniş alınır. Bir sözlə, vəziyyət kənardan bu cür görsənir''.
Ekspert vurğulayıb ki, ölkə üzrə dövlət qurumları səviyyəsində hansısa göstəricilərdə irəli getmək istəyirdiksə, bunu abonentlərin hesabına etməməliydik:
''Yəni, bu dövlət proqramı səviyyəsində icra edilməli idi. Hesab edirəm ki, plan əvvəl belə qurulub. Yatırılan investisiyaların da geri qayıtması sürətli qiymət artımı ilə deyil, zamanla baş verməliydi. Ancaq qeyd olunan iki inhisarçı, bazar payı daha yuxarı olan provayderlər başqa satış üslubu seçdi. Halbuki, əvvəlki illərdə qiymət artımına gedərkən xidmətdə və keyfiyyətdə nəzərə çarpan qiymət artımı müşahidə edilmədi. Burada irrasional verilən qərarlar sezilir. Fikrimcə, aşağı tariflər saxlanılmalı idi. Yəni, hamıya 100 meqabit internet lazım deyil".