Elçibəy Azərbaycana əxlaqlı siyasət modelini gətirib  - Oqtay Qasımov

“8 il Əbülfəz bəyin  köməkçisi işləmişəm. Bu müddət ərzində də hər gün bir yerdə olmuşuq"

"Bu gün Böyük Türk Birliyinə olmaz deyənlər sabah Türk Birliyinin olduğunu görəcəklər.
Biz Türkiyə türkləriylə bir millətik, amma ayrı-ayrı dövlətik. Dilimiz birdir. Birləşmənin ilk addımı da dil birliyi, dil bərabərliyi və dil gücüdür!".

                                                                                                                                                  Əbülfəz Elçibəy


Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 24 il ötür. Uzunsürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən 62 yaşlı Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.


Qeyd edək ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyam nəticəsində Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.


Əbülfəz Elçibəyin anım günündə onunla bağlı təəssüratlarını “Sherg.az”la bölüşən silahdaşı, 8 il müddətində Elçibəyin köməkçisi işləmiş  Oqtay Qasımov deyib ki, Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın çarçısı olub:

“Əbülfəz Elçibəy Azərbaycan tarixində özünəməxsus yeri olan bir şəxsiyətdir. XX əsr Azərbaycan elmi, ictimai və siyasi həyatının yetişdirdiyi ən görkəmli nümayəndələrindən biridir. O, 80-ci illərin sonunda yaradılan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və ilk demokratik seçkilərdə müstəqil Azərbaycanın demokrat yolla seçilmiş ilk prezidentidir. Əbülfəz Elçibəy bir insan kimi olduqca yüksək intelektual səviyyəyə malik və başdan ayağa milli bir şəxs idi. O, Azərbaycan siyasətinə bir əxlaqlı siyasət modelini gətirən siyasətçidir. Bütöv Azərbaycan ideyasının yolu var idi və bu ideyanın ideoloji bazasının hazırlanmasında və onun həyata keçirilməsində  Elçibəyin olduqca müstəsna zəhməti var.
Onun hakimiyyət dövründə çox ciddi islahalar həyata keçirilib və Azərbaycanın müstəqil dövlət orqanları formalaşdırılmağa başlayıb. 



8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq olub. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edilib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə rus ordusunun Azərbaycandan çıxarılıb. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü.


Azərbaycan dövlətinin möhkəmlənməsi və formalaşması üçün Əbülfəz Elçibəyin 1 illik hakimiyyətinin özünün müstəsna yeri var. Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Qarabağda erməni işğalına qarşı ciddi və əhəmiyyətli dönüş ili sayılır. O zaman Azərbaycan ordusu işğal altında olan ərazilərin təxminən 52 faizə yaxınını işğaldan azad etmişdi. Və Azərbaycanın milli valyutası dövrüyyəyə buraxılıb, ilk Azərbaycanın valyuta ehtiyatları toplanıb və Əbülfəz Elçibəyin bir illik hakimiyyəti dövründə 156 milyon dollar artıq vəsait toplanmışdı. Baxmyaraq ki, Əbülfəz Elçibəy hakimiyyətə gələndə dövlətin ehtiyatları faktiki yox səviyyəsində idi. Ordu quruculuğuna başlanılıb və nizami orduya keçid, Türkiyə təlimatçılarının, hərbiçilərinin dəstəyi ilə nizami ordunun və Türkiyə modelində olan ordunun ilk özəllikləri yaradılmağa başlayıb.  Bütün bunlar  müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılan faktlardır. Təəssüf ki, məhz bu uğurları və müstəqil siyasəti qəbul etməyən Rusiya bu və ya digər Azərbaycanın əleyhinə olan qüvvələr Əbülfəz Elçibəy hakimiyyətinə qarşı qiyam təşkil ediblər və onun hakimiyyətini deviriblər.  Əbülfəz  Elçibəy eyni zamanda çox dərin bir elm adamı idi. Onun yüzlərlə elmi məqaləsi, o cümlədən “Tulunilər dövləti” adlanan monoqrafiyası çap olunub. Bir sözlə, Əbülfəz Elçibəy Azərbaycan tarixinin yetirdiyi ən görkəmli tarixi şəxsiyyətlərdən biridir. Və Azərbaycan yaşadıqca Əbülfəz Elçibəy Azərbaycan xalqı tərəfindən anılacaq və onun arzuları, ideyaları getdikcə həyata keçəcək. Düşünürəm ki, Azərbaycan xalqı hər zaman Əbülfəz Elçibəyi müsbət mənada xatırlayacaq. Onun ideyaları həyata keçdikcə Azərbaycan daha da güclənəcək”.

Bəyin ömrünün son günlərinə diqqət çəkən O. Qasımov bildirib ki, Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb:

 “Bu müddət ərzində doğma kəndində könüllü sürgün həyatı yaşayan Bəy elə bu addımı ilə də bir növ Azərbaycan dövlətinə  xidmət elədi. Ölkədə vətəndaş qarşıdurmasının, qan tökülməsinin qarşısını aldı. Proseslərin güc yox, dinc yolu ilə hədd edilməsinə öz faydasını vermiş oldu. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra - 1997-ci ilin 30 oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevirildi. Müxalif kəsim arasında bir canlanma  yarandı, ictimai şüurun inkişafı  ciddi şəkildə sürətləndi.  Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz bəy, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı öz üzərinə götürdü. 
Onun  xəstələnməsi və ölümü Azərbaycan ictimai- siyasi sferası üçün çox ağır itki oldu. Zaman keçdikcə də onun yoxluğu daha çox hiss olunur, ideyalarının, fikirlərinin nə qədər doğru olduğu, necə uzaqgörən viziyon sahibi olduğu ortaya çıxır”. 

O. Qasımovun sözlərinə görə, həyatının son illərində yaşadığı ciddi problemlər və sıxıntılar  Əbülfəz  Elçibəyin xəstələnməsinə  gətirib çıxardı. Bu problemlərə zamanında müdaxilə olsaydı, bəlkə də Bəy daha uzun yaşayardı. Amma nə çarə, bu da Allahın bir qisməti idi: 

“8 il Əbülfəz bəyin  köməkçisi işləmişəm. Bu müddət ərzində də hər gün bir yerdə olmuşuq. Həm Bakıda, həm də Kələki də olanda  Bəyin  yanında  idim. Sonuncu dəfə isə müalicə üçün Türkiyəyə yola salınan gün onunla görüşmüşəm. Ondan sonra isə yalnız telefon vasitəsilə əlaqə saxlayıb səhhətini, kefini soruşmuşam. Onun ölümü isə mənim üçün hədsiz ağır itki idi . Əbülfəz bəy çoxlarının  həyatında olduğu kimi mənim həyatımda da çox dərin izlər qoymuş bir şəxsiyətdir. Onun əziz xatirəsini hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə yad edirəm. Ad günü, anım günü, eyni zamanda  milli, rəsmi  bayramlarımızda, fürsət tapdıqca adi günlərdə belə onun məzarını  ziyarət edirəm”.  

P.S. Mərhum prezidentə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun! Anım günü  münasibəti ilə hazırladığımız bu yazını isə Xalq şairi Ramiz Rövşənin dillər əzbəri olan "Əbülfəz Elçibəyə" şeirindən bir misra ilə sonlandırırıq: 

Bircə tilsimin var, sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?
Tanrı Tanrıdırsa, öz Elçisini,
Min bir daş altında yenə sağ eylər.