Seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb

Milli Məclisə seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin olunması xüsusi diqqətdə saxlanılıb.

Sherg.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, Azərbaycanın 16 illik uğurlu və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən veb-kamera təcrübəsi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn Milli Məclisə seçkilərdə də reallaşdırılır.

“Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə günü prosesləri hamı üçün açıq platformada canlı nümayiş etdiriləcək, maraqlı subyektlər seçki məntəqələrinə getmədən belə gün ərzində prosesləri əvvəldən axıradək fasiləsiz müşahidə imkanı qazanacaqlar”, - Rövzət Qasımov qeyd edib.