Bakı və Abşeronda olduğu kimi, bölgələrdə də yaşayış evlərinin çıxarışı ilə bağlı ciddi problemlər var.
"Sherg.az" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə, əksər kənd evlərində çıxarış demək olar yoxdur. Bu evlər ya sənədsizdir, ya da yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən verilən sənədlər əsasında tikilib.
2019-cu ildən başlayaraq, sənədsiz evlərin leqallaşması ilə bağlı müzakirələr apaırıldığını deyən əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, bu istiqamətdə ciddi addımlar ötən il yanvarından sonra atılıb:
''Bundan öncə isə müəyyən konsepsiyalar mövcud idi. Hətta, 2019-cu ildə komitə elan etdi ki, bu istiqamətdə konsepsiya hazırlanır. Hər rayonun icra hakimiyyəti sənədsiz evlərlə əlaqədar qeydiyyata salınaraq reyestrdən keçdi. Pandemiyadan sonra bəlli oldu ki, hər icra hakimiyyəti qeydiyyat prossesini pərakəndə şəkildə aparıb və toplanılan məlumatlar icra hakimiyyətlərində müxtəlifdir. 2023-cü ilin yanvarın 30-da Ədliyyə Nazirliyi ilə Əmlak Məsələləri Üzrə Dövlət Xidməti birgə brifinq keçirdi. Orada mütəxəssis olaraq iştirak etdim. Elan olundu ki, ölkədə biznes mühitin yaxşılaşdırılması ilə bağlı qanuna istinadən və prezidentin imzaladığı fərmana əsasən qanunsuz tikililərin leqallaşması istiqamətində portal hazırlanacaq. Bununla da gələcəkdə bütün daşınmaz əmlak prosseslərini həyata keçirmək olacaq. Həmçinin, bu portal qanunsuz evlərin qanunlaşması yönündə əvəzsizdir. Əslində 2015-ci ildə əmlak məsələləri üzrə dövlət xidmətinə verilən xüsusi sərəncam altında siyahı var. Burada vətəndaşların əmlakının tanınması üçün hansı sənədlərə ehtiyac olduğu qeyd olunur. Bu siyahının genişləndirilməsi ilə bağlı məlumatlar da m[vcuddur. Fikrimcə, bununla bağlı qanunda dəyişiklər ediləcək. Qeyd edim ki, ilkin sənədlərin olması şərti ilə evlərin qeydiyyata alınması problem deyil. Əgər vətəndaşın əmlakının qeydiyyata alınması üçün hansısa sənəd varsa, qeydiyyat üçün ilkin rəy olacaq. Yəni burada heç bir çətinlik yoxdur''.
Ekspert vurğulayıb ki, hansısa sənədi olmayanlar problem yaşayacaq:
''Bunun üçün qanunda dəyişikliklər lazımdır. Daha çətin problem qanunla icazə verilməyən, komnukasiya xətlərinə yaxın yerlərdə evlərin tikilməsidir. Həmin evlərin taleyi isə müəmmalıdır. Bizim ölkədə qəsəbələrin çoxunda yaşayış torpaqlarının təyinatı olmadığı üçün orada inşa edilən evlərin sayı çoxdur. Hələ Sovet höküməti vaxtında bu kimi əməllərə göz yumulurdu və qanunsuz qəsəbələr meydana çıxırdı. Lakin hökümət onları zamanla sökürdü. Fikrimcə, bizim ölkədə şəhərlərin baş planları hazırlanarkən yaşayış məntəqələrinin təyinatı dəyişilməlidir. Gələcəkdə bu kimi yerlərdə inşa olunan evlərin müvafiq qaydada sənədləşməsi vacibdir''.