Kumer Sloveniya-Azərbaycan enerji tərəfdaşlığından danışıb

Sloveniya Azərbaycanı enerji təchizatının şaxələndirilməsində əsas strateji tərəfdaş kimi seçir.

Trend-in məlumatına görə, bunu Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 10-cu nazirlər iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının 2-ci nazirlər iclası zamanı deyib.

"Tərəfdaşlarımız Aİ-nin qaz tədarükünün şaxələndirilməsi səylərində əsas rol oynayır və Azərbaycan əsas strateji tərəfdaş kimi müəyyən edilib", - nazir qeyd edib.

Boyan Kumer qazın qitə iqtisadiyyatı üçün kritik rolunu vurğulayıb.

“Qaz həmişə Sloveniya və Avropanın enerji balansında, xüsusən də sənaye sektorunda həlledici rol oynayıb”, - o əlavə edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci ilin dekabr ayından tam istismara verilib və İtaliyaya (ildə doqquz milyard kubmetrdən çox), Yunanıstan və Bolqarıstana hər bir ölkəyə ildə bir milyard kubmetr qaz tədarük edir. 2022-ci ildə Aİ ölkələri 15,6 milyard avro dəyərində 11,4 milyard kubmetr qaz alıb. 2023-cü ildə bu həcm 11,8 milyard kubmetr qaza çatıb.