Türkiyədə Ramazan iftarı və Novruz bayramı birlikdə keçirilib.
“Sherg.az”ın İstanbul müxbiri xəbər verir ki, ““Karabağ Azerbaycandır!” Koordine Etme Derneği” İstanbul şəhərində Türkiyədə yaşayan azərbaycanlı və Türk Dünyası gəncləri üçün iftar və bayram süfrəsi təşkil edib.
Tədbirdə ““Karabağ Azerbaycandır!” Koordine Etme Derneği”nin rəhbəri Dr. Elvin Abdurahmanlı, dərnəyin idarə heyətinin üzvü Məlahət Məmmədli, Dr Caner Karakuş, Avrasya Stratejik Araşdırmalar Mrkəzinin nümayəndə heyətindən Çağrı Batuhan, “Merhaba Derneği”nin bələdçisi Recep Altıngöller və bürokratlar iştirak ediblər.
Açılış nitqini edən Dr. Elvin Abdurahmanlı Türkiyədə təhsil alan gənclərə Ramazan ayı və Novruz bayramı münasibəti ilə xoş diləklərini çatdırıb. Həmçinin o, tələbələrə təhsillərində uğurlar arzulayıb.
Ardınca, keçirilən proqramda Türkiyə Cümhuriyyətinin düşüncə mərkəzləri rəhbərləri, bürokratlar, vəqf və müxtəlif dərnəklərin nümayəndələri çıxış ediblər.
Dərnək rəhbəri xalqımıza Qarabağda bu iki bayram sevincini yaşamağı bəxş edən möhtəşəm zəfər sahibi, Azərbaycan Respublikasının Prezidenti, Dövlət Başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
E.Abdurahmanlı eyni zamanda ““Karabağ Azerbaycandır!” Koordine Etme Derneği”nə verdiyi dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova təşəkkür edib.
Tədbirin yekununda dərnəkdə fəallıq göstərən gənclərə, media nümayəndələrinə və dəstəkçi təşkilatların üzvlərinə təşəkkürnamələr təqdim olunub.
Sonda isə "“Karabağ Azerbaycandır!” Koordine Etme Derneği” və rəsmi nümayəndə heyəti arasında protokol görüşü keçirilib.