NATO Baş katibi Yens Stoltenberq Ukraynada döyüş meydanında vəziyyətin ciddi olduğunu deyib.
APA xəbər verir ki, bu barədə NATO Baş katibi Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında bildirib.
O deyib ki, Ukraynaya uzunmüddətli yardımla bağlı müzakirələrdə yekun qərarın XİN rəhbərlərinin bu gün və sabah keçiriləcək iclasında veriləcəyi gözlənilmir.
"Ümid edirəm ki, biz bu məsələ ilə bağlı konsensus istiqamətində irəliləyiş əldə edə biləcək və Vaşinqton sammitinə qədər razılaşmaya nail ola biləcəyik. Bunun səbəbi isə Ukraynada döyüş meydanındakı vəziyyətdir. Vəziyyət ciddidir, biz Rusiyanın necə təzyiq göstərdiyini görürük. Biz görürük ki, onlar bu müharibədə bizim kənara çəkilməyimizi gözləyərək, necə qazanmağa çalışır. Ona görə də biz praktiki yardımı və maliyyə yardımını davam etdirərək siqnal göndərməliyik ki, bu müharibəni sonlandırmaq üçün biz uzun müddət burada olacağıq.
Biz görürük ki, Rusiya iqtisadiyyatını necə müharibə şərtlərinə uyğunlaşdırır. Rusiyanın insan sayı və texnika baxımından necə ağır bədəl ödəməyə hazır olduğunu görürük, insan həyatına hörmət olunmadığını görürük və bütün bunlar döyüş meydanında niyə vəziyyətin çətin olduğunu izah edir", - Yens Stoltenberq deyib.
NATO Baş katibi ABŞ Nümayəndələr Palatasında Ukraynaya hərbi yardımın təsdiqlənməsinin gecikdirilməsinə də toxunub. O bildirib ki, ABŞ-nin bu yardımı gecikdirməsi yaxşı nəticələr vermir, Ukrayna qüvvələrinin silah-sursat ehtiyacında problem yaranır.
"Ukraynaya dəstək vermək və Putinin Ukraynada qalib gəlməsinə imkan verməmək ABŞ-nin da təhlükəsizlik marağına uyğundur, çünki əks təqdirdə bu avtoritar gücləri, Pekini də beynəlxalq hüququ pozmağa və öz istəklərini reallaşdırmaq üçün gücdən istifadə etməyə təşviq edə bilər", - NATO Baş katibi əlavə edib.