Müharibə riski artır: Ermənistan danışıqlardan imtina edə bilər

Parlamentdə qapalı toplantı keçirilib, bir sıra müxalif deputatlar toplantıya buraxılmayıb

“Növbəti müharibə Ermənistana son öldürücü zərbə olacaq. Azərbaycan sülh təklifini edərək öz borcundan çıxıb, xəbərdarlığını edib”
  İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir. Rəsmi Bakı “sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantını fevralın 21-də İrəvana göndərib. Rəsmi İrəvan Bakının təkliflərinə təxminən 46 gün sonra cavab verib. Bu qədər vaxt sərf etmələrinin əsas səbəbi İrəvanın “sülh müqaviləsini” sərhədlərin müəyyənləşməsiylə əlaqələndirməsidir. Halbuki ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə “sülh müqaviləsinin” imzalanması mümkündür. Sadəcə, İrəvan bu sazişlə əldə edəcəyi nəticəni maksimuma qaldırmaq istəyir. Bu isə mümkün deyil. Dəfələrlə vurğulanıb ki, sərhədlərin müəyyənləşməsi uzun prosesdir, “sülh müqaviləsinin” imzalanmasından sonra da danışıqlar davam edəcək. Buna baxmayaraq, rəsmi İrəvan müqavimətini davam etdirir, 4 kəndin qaytarılmasını da gecikdirir. Bu isə bölgədə gərginliyi artırır. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir. Onun sözlərinə görə, Vaşinqton hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyini çatdırıb: "Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib. Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə, mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm”. İrəvanda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç da deyib ki, Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir. O bildirib ki, regionda sülhün alternativi yoxdur. Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır. Məlumat üçün qeyd edək ki, Ermənistan rəsmiləri sülhdən danışsalar da, aprelin 5-dən etibarən şərti sərhədlərdə davamlı təxribatlar baş verir. Erməni silahlı qüvvələri əvvəlcə Naxçıvan, sonra Tovuz və Laçın istiqamətində mövqelərimizi atəşə tuturlar. Ermənistanın sürətli silahlanması və şərti sərhədlərdəki ardıcıl təxribatlar İrəvanın sülh istəyində səmimi olmasını şübhə altında qoyur.
Bu arada Ermənistan parlamentində delimitasiya məsələləri üzrə qapalı müzakirələr başlayıb. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və bir sıra müxalif deputatlar toplantıya buraxılmayıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, müzakirələrdə iştirakına icazə verilməyən deputatlar arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu qadağanı sözügedən deputatların məxfi materiallara çıxış icazəsinin olmaması ilə izah edib.
Zalda qalan deputatlardan telefonlarını təhvil vermələri istənilib, jurnalistlər isə zalı tərk edib.
“Əgər Bakı ilə razılığa gəlmək mümkün olmasa, Ermənistan tərəfi hansısa sənədin imzalanmasından imtina edə bilər”.
APA-nın “news.am”a istinadən məlumatına görə, bunu isə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O bildirib ki, işçi qruplarının davam edən müzakirələri hələ nə isə demək deyil.
  Millət vəkili Elman Məmmədov "Sherg.az"a deyib ki, Ermənistan hələ tam müstəqil dövlət deyil. Deputat vurğulayıb ki, Ermənistan xaricdən, müxtəlif mərkəzlərdən idarə olunur: 

"Ona görə də Ermənistan hökuməti müstəqil, sərbəst siyasət yürüdə bilmir. Xaricdən hansı tapşırıqları alırlarsa, ona uyğun hərəkət edirlər. Nəticədə xaotik vəziyyət yaranır. Hazırda İrəvan hökuməti "nala-mıxa vurma" siyasətini icra etməkdədir. Bir yandan sülhdən danışırlar, müharibə istəmədiklərini iddia edirlər, digər tərəfdən isə bir çox dövlət tərəfindən durmadan silahlanırlar. Şərti sərhədlərin bir neçə istiqamətində təxribat törədir, atəşkəsi pozurlar. Ermənistan Qərb ölkələrinin hərbi təlimatçıları, hərbçiləri ilə dolmaqdadır. Onlar erməni ordusuna müharibəyə hazırlıq məqsədilə təlimlər keçirlər. Məgər bu, sülhə hazırlaşmaqdır?! Brüssel görüşü ərəfəsində və sonrakı günlərdə erməni silahlılarının təxribatları başladı. Sanki Ermənistanda hakimiyyət və ordu bir neçə tərəfdən idarə olunur. Bəyan edilir ki, orduda müəyyən qüvvələr Nikol Paşinyana tabe olmurlar, özbaşınalıq edirlər və atəş açanlar da onlardır. Məsələn, Paşinyan Tavuş bölgəsində bizim kəndlərdə məskunlaşmış sakinlərlə görüş keçirir və deyir ki, kəndləri təhvil verməliyik, çünki ermənilərə məxsus deyil. Bir neçə gün sonra digər qüvvə kəndlərə yollanır və revanşist açıqlamalar səsləndirir. Bu, çox təhlükəli məqamdır və göstərir ki, Ermənistanın prinsipial daxili və xarici siyasəti yoxdur. Burada Rusiya faktorunu da nəzərə almaq lazımdır. Ermənistanın daxilində hər zaman olduğu kimi ruspərəst qüvvələr güclüdür və proseslərə təsir imkanlarını saxlayırlar. Sarkisyan-Koçaryan cütlüyünün ordu üzərində təsirləri qalmaqdadır. Paşinyan da əvvəldən SOROS uşağıdır və həmin məktəbin yetirməsidir. Ona görə də Ermənistanı Qərb istiqamətində hərəkətə keçirtmək və Rusiyadan aralamaq üçün tədbirlər görür. Təhlükəli məqamlar da buradan yaranır. Hər an, hər şeyə hazır olmalıyıq. İrəvana hansı mərkəzdən hansı komandanın gələcəyi məlum deyil".
  Parlament üzvü vurğulayıb ki, Bakı artıq 8-ci dəfədir sülh təkliflərini İrəvana göndərir: "Azərbaycanın Ermənistana göndərdiyi sülh təklifləri beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə əsaslanır. Sülh təklifini edərək öz borcumuzdan çıxırıq, xəbərdarlığımızı edirik. Hətta ağlı başında olan erməni siyasətçiləri, politoloqları da İrəvana xəbərdarlıq edirlər, həyəcan təbili çalırlar ki, növbəti müharibə Ermənistana son öldürücü zərbə olacaq, dövlət çökəcək. Bəs Qərb Ermənistanı nəyə hazırlayır? Cənubi Qafqazda ikinci Ukrayna variantını tətbiq edirlər. Müharibə olarsa, döyüş əməliyyatları Ermənistan ərazisində gedəcək. Fransa kimi ölkələr Ermənistana fitva verərək boş vədlərlə ortalığa salıb oynadırlar. 2008-ci ildə Rusiya-Ukrayna arasında baş vermiş savaşın nəticələrini unudurlar. Qərb Gürcüstanı müdafiə etdimi? Gürcüstanın əraziləri işğala məruz qaldı. Ermənistanı da həmin aqibət gözləyir. Ona görə də ağıllı düşünüb, düzgün nəticə çıxartmalıdırlar".