Əminik ki, Azərbaycan ərazisində bundan sonra heç bir ölkənin hərbi gücü olmayacaq
Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”. Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi adlandırmaq olar. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması bir daha sübut etdi ki, rəsmi Bakı ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu məsələdə mühüm əhəmiyyət kəsb edən amil isə Prezident İlham Əliyevin çevik diplomatik məharəti Azərbaycanın milli maraqlarını tam şəkildə qoruması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezidentin söylədiyi bu fikirlərdə olduğu kimi, Azərbaycan xalqı daha bir əhəmiyyətli hadisəyə şahidlik etdi. Prezidentin yürütdüyü məqsədyönlü və inamlı siyasətin nəticəsi, Ordumuzun döyüş əzmi ilə Qarabağın bütün əraziləri tamamilə Azərbaycanın nəzarətinə keçdi. Xankəndi şəhərində 1919-cu ildən sonra ilk dəfə olaraq üçrəngli bayrağımız dalğalandı. Bu ardıcıl siyasətin sonunda Azərbaycanın siyasi hakimiyyətinin yürütdüyü qüsursuz fəaliyyətin nəticəsi olaraq Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başladı. Azərbaycan xalqı son illərdə tarixinin ən şanlı səhifələrinə şahidlik edir. Bu şanlı tarixə qızıl hərflərlə düşən səhifələr isə Qarabağın tamamilə işğaldan azad edilməsi, bu problemin gələcək nəsillərə ağrılı miras olaraq qalmadan birdəfəlik həll edilməsi oldu. Bu qərar həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng “proqnozlar” və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Qeyd etmək lazımdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinin sonu kimi qəbul edilən və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat münaqişə tərəfləri arasında Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını, Ermənistanın işğal etdiyi ərazilərin ölkəmizə qaytarılmasını, gələcəkdə bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsini nəzərdə tuturdu. Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə tarixi qələbəsindən sonra dövlətimizin gücü və mövqeyi nəyinki regionda, o cümlədən beynəlxalq miqyasda daha da yüksəldi.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə açıqlamasında deyib ki, Rusiya sülhməramlı kontingentinin nəhayət Qarabağı tərk etməsi çox mühüm və xüsusi qeyd olunacaq tarixi hadisədir. Partiya rəhbərinin sözlərinə görə, bu qərarın qəbul olunması Azərbaycan dövlətinin növbəti uğuru və ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir:
"Tam olaraq əminik idik ki, Rusiya hərbi kontingenti Azərbaycanı tərk edəcək. Ən gec 2025-ci ilin noyabr ayınadək rus hərbçilərinin Qarabağdan çıxacağı proqnozlaşdırılırdı. Amma "sülhməramlı" adı ilə torpaqlarımızda yerləşdirilmiş hərbi kontingentin belə tezliklə Azərbaycandan çıxması kifayət qədər müsbət məqamdır. Prezidentin köməkçisi Hikmət Hacıyev rəsmi açıqlamada bildirdi ki, Azərbaycan və Rusiya rəhbərliyinin ikitərəfli razılaşması əsasında belə bir qərar verilib. 1992-1993-cü illərdə Müstəqil Dövlətlər Birliyində (MDB) ilk ölkələrdən idik ki, rus hərbi kontingentini Azərbaycandan çıxartmışdıq. Ardınca Qələbə RLS-də xidmət keçən rus hərbçilər uzaqlaşdırılmışdı. Ancaq 44 günlük müharibədən sonrakı vəziyyət nəzərə alınmaqla, 10 noyabr üçtərəfli bəyannamənin müddəasına görə, rus hərbçilər "sülhməramlı" adı ilə 5 il müddətinə Qarabağa yerləşdirilmişdi. Artıq Rusiya və Ermənistan tərəfi də etiraf edirdi ki, bölgədə situasiya və reallıqlar tam olaraq dəyişdiyi üçün rus hərbçilərinin torpaqlarımızda qalmasına ehtiyac yoxdur. Rusiya sülhməramlılarının orada qalması heç bir anlam ifadə etmirdi. Ümumiyyətlə, rus hərbi kontingenti sülhməramlı missiyasını yerinə yetirmirdi. Düzdür, zaman-zaman Qarabağda aparılan anti-terror əməliyyatlarına göz yumdular, müdaxilə etmədilər. Amma bu da Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin nəticəsi idi. Ötənlərdə bir xəbər yayıldı ki, heç bir işə yaramayan rus hərbçilərini mina təmizləmə prosesinə cəlb etmək mümkündür".
A.Əlizadə vurğulayıb ki, Azərbaycan Konstitusiyasına görə, heç bir xarici ölkənin hərbi kontingenti bizim ərazimizdə yerləşdirilə bilməz: "Sülhməramlı kontingent sadəcə üçtərəfli bəyanata əsasən, torpaqlarımızda müvəqqəti yerləşdirilmişdi. Ancaq üçtərəfli saziş hüquqi qüvvəyə malik deyildi, sadəcə altında Prezidentin imzası var idi deyə, bu məsələyə hörmətlə yanaşırdıq. Amma ratifikasiya olunmamışdı. Ümid edirik, daha doğrusu əminik ki, Azərbaycan ərazisində bundan sonra heç bir ölkənin hərbi gücü olmayacaq. Yeganə olaraq qardaş Türkiyənin hərbçiləri Şuşa Bəyannaməsinin müddəalarına əsasən, ölkəmizdə birgə təlimlər keçə, ortaq fəaliyyət göstərə bilərlər. Bu tarixi qərara görə, xalqımıza gözaydınlığı düşür. Son olaraq onu da qeyd edim ki, Rusiya hərbçiləri Azərbaycandan çıxsalar da, Ermənistanı tərk etməyəcəklər".