İki mindən artıq vətəndaşımız doğma yurdunda məskunlaşıb
Böyük Qayıdış proqramının genişlənməsi müşahidə olunur
Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Komitədən bildirilib ki, tədbirdə komitənin rəhbər şəxsləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və komitə yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər. Püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 59-na ikiotaqlı, 80-nə üçotaqlı, 17-nə dördotaqlı mənzil təqdim olunacaq. Diqqətə çatdırılıb ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə ilkin mərhələdə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr köçürülür. Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Qeyd olunub ki, püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar. Ümumən, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib. Baş nazir Əli Əsədov bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur: "2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat ayrılıb, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat vəsait ayrılıb. 2024-cü ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur". O bildirib ki, 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (təxminən 20 min nəfərin) köçürülməsi planlaşdırılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib ki, indiyədək 5 mindən artıq sakin işğaldan azad edilmiş bölgələrə qayıdıb. Nazirin sözlərinə görə, onların 2500 nəfərdən çoxunu əmək qabiliyyətli əhali təşkil edir və həmin ərazidə öz həyatlarını qurmaq üçün sakinlərin məşğulluğu təmin edilməlidir. Təkcə mənzillərin verilməsi və sosial ödənişlərlə həyatı təmin etmək olmur. Ona görə də Böyük Qayıdış Proqramı çərçivəsində çoxsaylı məşğulluq tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Nazir daha sonra deyib: “İndiyədək 2500 vətəndaşla bu sahədə iş aparılıb. Onların 1500 nəfəri daimi işlə təmin olunub və 1000 nəfərlə aktiv iş aparılır. Nəzərə alsaq ki, bu il daha 20 min nəfər öz doğma yurduna, ev-eşiyinə qayıdacaq, onda qarşıda çox böyük iş dayandığı aydın olar. Ona görə də bütün aidiyyəti dövlət qurumları və özəl sektorla birlikdə ən böyük üstünlüyü məskunlaşan əhalinin məşğulluğuna veririk. Həmçinin onlar üçün özünüməşğulluq proqramları çərçivəsində xüsusi kvota ayrılıb, digər aktiv məşğulluq tədbirləri vasitəsilə onlara dəstək vermək istəyirik. Öz doğma ocağına geri qayıdan şəxslərin bir çoxunun ixtisassız olması əsas çətinliklərdən biridir. Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramları hazırlanıb. Hər il təxminən 3 min nəfərə peşə hazırlığı vasitəsilə ixtisas və bilik veriləcək. Artıq həmin ərazilərdə Həm Qarabağ Peşə Hazırlığı Mərkəzi, həm də ona qədər özəl peşə hazırlığı mərkəzləri fəaliyyətə başlayıb. Vətəndaşlar həm onlayn, həm DOST və məşğulluq, həm “Cağrı” mərkəzləri vasitəsilə müraciət edə bilərlər. Bununla əlaqədar bir neçə dəfə Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Xankəndi sakinləri üçün elanlar vermişik. Ən azı ildə 3 min nəfər təlim keçməklə 12 min nəfərin məşğulluğunu təmin etməyi nəzərdə tutmuşuq. Paralel olaraq Elm və Təhsil Nazirliyinin peşə məktəbləri də analoji proqram elan ediblər və təxminən o qədər də vətəndaşın peşələrə yiyələnməsini onlar həyata keçirəcəklər. Məqsəd ondan ibarətdir ki, ən azı 20-25 min nəfərə peşə təhsili verilsin”.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə, Böyük Qayıdışın intensiv şəkildə həyata keçirilməsi vacib məsələlərdəndir və bu istiqamətdə mütəmadi olaraq Qayıdış proqramının genişlənməsini müşahidə edirik. Deputat vurğulayıb ki, Füzuli şəhəri intensiv şəkildə qayıdışın həyata keçirildiyi şəhərlərdəndir:
"Artıq iki mindən artıq vətəndaşımız Füzuli şəhərində məskunlaşır. Sözsüz, Böyük Qayıdış vəsait tələb edən bir prosesdir və burada intensivliklə yanaşı, həm də ardıcıllıq, sistemlilik çox önəmlidir. Çünki tələb edilən vəsaitin həcmi kifayət qədər böyükdür. Xüsusən nəzərə alaq ki, son illər bu istiqamətə yönəldilən vəsait büdcə xərcləmələrində xüsusi paya malikdir. Azərbaycan qayıdış prosesini öz daxili maliyyə mənbələri hesabına həyata keçirir. Ona görə də Böyük Qayıdış proqramına uyğun olaraq, bütövlükdə qayıdışın mərhələli şəkildə 2040-cı ilədək həyata keçirilməsi nəzərdə tutulur. Böyük Qayıdışın birinci proqramı 2026-cı ilədək həyata keçiriləcək. Bu, təxminən 140 mindən artıq vətəndaşımızın məhz 2026-cı kimi öz ata-baba yurdlarına qayıtmasına imkan yaradacaq. Yəni proses intensiv olmaqla yanaşı, həm də sistemlidir. Azərbaycan öz maliyyə resurslarından istifadə etməklə bərpa-quruculuq, yenidənqurma işlərini aparır, məskunlaşmanı həyata keçirir. Təbii ki, bu, eyni zamanda Azərbaycanın gücünü göstərən əsas faktorlardan biridir".