"Sağolsun cənab Prezident və yaşasın onun yaratdığı reallıqlar"
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclasında tərəflər bir sıra məsələlərdə razılığa gəliblər. Bunlardan ən əhəmiyyətlisi təbii ki, qeyri-anklav olan 4 kəndin Azərbaycana qaytarılmasıdır. Komissiyanın iclasında müəyyən edilib ki, sərhəd xəttinin ayrı-ayrı hissələri Azərbaycanın Bağanıs Ayrım Ermənistanın Bağanis, Azərbaycanın Aşağı Əskipara Ermənistanın Voskepar, Azərbaycanın Xeyrimli Ermənistanın Kirants və Azərbaycanın Qızılhacılı və Ermənistanın Berkaber kəndləri arasından keçəcək, xətlərin müəyyənləşdirilməsi SSRİ-nin son illərində mövcud olan dövlətlərarası sərhədlərə uyğun olaraq həyata keçiriləcək.
O da qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli, bu, Tərəflər arasında 15 may 2024-cü ilədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılıb, imzalanmalıdır. Bu isə o deməkdir ki, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Delimitasiya komissiyasının bu razılaşması və qərarı Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Vətən müharibəsində əldə edilən Zəfər, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatı ilə Xankəndi və ətraf ərazilərin işğaldan azad edilərək, ölkənin suverenliyinin tam bərpa olunması, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanılmasının ardından qeyri-anklav 4 kəndin qaytarılması İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir. Xatırladaq ki, qeyri-anklav kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ildən qaldırıb. Ötən müddət ərzində bu mövzu daim gündəmdə saxlanılıb, bu istiqamətdə ardıcıl iş aparılıb, bu məsələ Ermənistan qarşısında daim qaldırılıb, tələblər səsləndirilib. Ermənistanda bu məsələyə qarşı çıxan müəyyən qüvvələr olsa da, Azərbaycanın, onun liderinin təkidli duruşu yekunda öz nəticəsini verdi. Bu gün əldə olunmuş razılıq Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub. Əldə olunan bugünkü razılaşma digər mətləblərə də aydınlıq gətirdi. Bu razılaşma Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, Ermənistana qarşı ərazi iddiasının olmasına dair Fransa və digər Qərb dövlətlərinin cəfəng anti-Azərbaycan təbliğatını da ifşa eləmiş oldu. Maraqlı məqam odur ki, bu məsələdə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılığa gəlib. Xatırlatmaq yerinə düşər ki, Bakı hər zaman İrəvanla birbaşa danışıqların tərəfdarı kimi çıxış edib, ikitərəfli formatda görüşlərin daha səmərəli olduğunu önə çəkib. Lakin bəzi ölkələr və beynəlxalq təşkilatlar bu məsələdə də qərəz nümayiş etdirərək, Bakı və İrəvanın birbaşa təmaslarına imkan verməməyə çalışırdı. Azərbaycan isə ABŞ, Fransa, Avropa İttifaqı və digər dairələrin bu məsələlərə müdaxiləsinin qarşısını almağa nail oldu, nəticədə, Ermənistan və Azərbaycan qarşılıqlı anlaşma şəraitində razılığa gələrək, məsələni həll etdi. Bu onu göstərir ki, bəzi Qərb dövlətləri və imperialist dairələrin Azərbaycan və Ermənistan arasında nizamlanma prosesindən uzaq dayanmaları ancaq işin xeyrinə olar. Məhz belə olan halda Cənubi Qafqazda sülh və əmin-amanlığın daha tez təmin olunacağını söyləmək mümkündür. Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. İlham Əliyev 4 kəndi çox usta siyasət sayəsində Azərbaycana qaytarmağa nail oldu.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a açıqlamasında deyib ki, gözümüzün qarşısında böyük tarixi anlar yaşayırıq. Deputat vurğulayıb ki, xoşbəxt insanlarıq ki, biz bu günləri görürük, bu mühüm olaylara şahidlik edirik:
"Hər insana belə tarixi proseslərə şahidlik etmək nəsib olmur. Ancaq biz möcuzələrin şahidi olduq. Azərbaycan xalqının yüksəlişini, Ordumuzun nə dərəcədə müzəffər olduğunu, dahi Ali Baş Komandanın idarəetməsini, Şuşanı, Xankəndini, Ağdamı, Kəlbəcəri azad gördük. Buna inanmayanlar var idi. Deyirdilər ki, "Qarabağı azad etdilər, əvəzinə rusu gətirdilər". Ruslar da çıxıb getdi. Sonra ağzıgöyçəklər dedilər ki, "hələ 8 kənd qalıb". Bu məsələ də öz həllini tapır. Azərbaycanın tamamilə başqa müstəviyə yüksəlməsinin şahidi oluruq. Çox sevindirici haldır ki, bir qarşı torpağımız işğal altında qalmır. Qazax əhli xüsusi həyacan, sevinc hissləri keçirir. Bugünədək çox siyasi şərhlər vermişik. Amma nəzərə alaq ki, işğal altında olan bir çox kəndlərimizdə faktiki soyqırımlar, qətliamlar yaşanıb. Uşaqları diri-diri yandırıblar. Onların xatirəsinə Qazaxda abidə də var. Bir neçə gün əvvəl türk dövlətlərinin səfirlərinin ADA Universitetinin filialında böyük konfransını keçirtdik. Universitetin yanında Şəhidlər Xiyabanını ziyarət etdik və qonaqlara kəndlərimizdə baş vermiş soyqırım barədə məlumatlar verdik. Bugün Qazax tamamilə başqa hisslər keçirir. Biz inanırdıq ki, bütün torpaqlarımız azad olunacaq. İndi də Qazaxın işğal altında olan kəndləri qazaxlılara geri qaytarılır. Ulu Öndər Qazaxda olanda demişdi ki, "ay qazaxlılar, siz özünüzü də, Azərbaycanı da qorudunuz, geriyə çəkilmədiniz. Qoymadınız Qazax işğal altına düşsün". Ancaq 7 kənd ermənilərin əlinə keçdi. Həmin kəndlərin qaytarılması tamamilə başqa fəlsəfi məna daşıyır. Bu, Azərbaycanın bütün ərazilərinin qarış-qarış qaytarılmasına dəlalət edir. Sağolsun cənab Prezident və yaşasın onun yaratdığı reallıqlar".