Qazaxın 4 kəndinin işğaldan azad edilməsi mühüm tarixi hadisədir
Qazaxın işğalda olan 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılır. Şübhəsiz, delimitasiya komissiyasının bu razılaşması və qərarı Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Vətən müharibəsində əldə edilən Zəfər, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatı ilə Xankəndi və ətraf ərazilərin işğaldan azad edilərək, ölkənin suverenliyinin tam bərpa olunması, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanılmasının ardından qeyri-anklav 4 kəndin qaytarılması İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir.
Xatırladaq ki, qeyri-anklav kəndlərin qaytarılması məsələsini Prezident İlham Əliyev 2020-ci ildən qaldırıb. Ötən müddət ərzində bu mövzu daim gündəmdə saxlanılıb, bu istiqamətdə ardıcıl iş aparılıb, bu məsələ Ermənistan qarşısında daim qaldırılıb, tələblər səsləndirilib. Ermənistanda bu məsələyə qarşı çıxan müəyyən qüvvələr olsa da, Azərbaycanın, onun liderinin təkidli duruşu yekunda öz nəticəsini verdi. Bu gün əldə olunmuş razılıq Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində atılan ilk addımdır. Bu addımın məhz Qazaxdan başlaması isə heç də təsadüfi deyil. Delitimasiya prosesinə sərhədin məhz bu nöqtəsindən start verilməsi Azərbaycanın təkidi ilə mümkün olub. Əldə olunan bugünkü razılaşma digər mətləblərə də aydınlıq gətirdi. Bu razılaşma Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, Ermənistana qarşı ərazi iddiasının olmasına dair Fransa və digər Qərb dövlətlərinin cəfəng anti-Azərbaycan təbliğatını da ifşa eləmiş oldu. Maraqlı məqam odur ki, bu məsələdə Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan razılığa gəlib. Xatırlatmaq yerinə düşər ki, Bakı hər zaman İrəvanla birbaşa danışıqların tərəfdarı kimi çıxış edib, ikitərəfli formatda görüşlərin daha səmərəli olduğunu önə çəkib. Lakin bəzi ölkələr və beynəlxalq təşkilatlar bu məsələdə də qərəz nümayiş etdirərək, Bakı və İrəvanın birbaşa təmaslarına imkan verməməyə çalışırdı. Azərbaycan isə ABŞ, Fransa, Avropa İttifaqı və digər dairələrin bu məsələlərə müdaxiləsinin qarşısını almağa nail oldu, nəticədə, Ermənistan və Azərbaycan qarşılıqlı anlaşma şəraitində razılığa gələrək, məsələni həll etdi. Bu onu göstərir ki, bəzi Qərb dövlətləri və imperialist dairələrin Azərbaycan və Ermənistan arasında nizamlanma prosesindən uzaq dayanmaları ancaq işin xeyrinə olar. Məhz belə olan halda Cənubi Qafqazda sülh və əmin-amanlığın daha tez təmin olunacağını söyləmək mümkündür. Ermənistanın qeyri-anklav dörd kəndi 34 il sonra heç bir qarşıdurmasız və qurbansız Azərbaycana qaytarmağa razılaşması Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində nə qədər ardıcıl və prinsipial mövqe tutmasının növbəti təzahürüdür. İlham Əliyev 4 kəndi çox usta siyasət sayəsində Azərbaycana qaytarmağa nail oldu.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Qazaxın 4 kəndinin işğaldan azad edilməsi mühüm tarixi hadisədir. Deputatın sözlərinə görə, bu, öz-özlüyündə bir daha Azərbaycanın hər qarış ərazisində suveren hüquqlarımızın bərpa olunmasıdır:
"Həm də beynəlxalq hüququn təntənəsi, Azərbaycanın gücünün, qətiyyətinin, prinsipiallığının göstəricisidir. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının birgə bəyanatında göstərildiydi kimi, bundan sonra komissiyaların fəaliyyətinin əsasnaməsi müəyyənləşdiriləcək. Bu Əsasnamə sərhədlərin delimitasiya və demarkasiya məsələsində bir növ metodikanı təyin edəcək. Bu da çox vacib məqamdır. Razılaşmada qeyd olunduğu kimi, əgər 1991-ci ildə qəbul edilmiş Almatı bəyannaməsinə uyğun olaraq sovetlərin delimitasiyasında hansısa mübahisələr yaranarsa, həmin mübahisələr Əsasnamənin tələblərinə uyğunlaşdırılacaq. Tarixlərin də konkret göstərilməsi önəmlidir. Mayın 15-dək proses başa çatarsa, ən mürəkkəb hissədə, müharibəyə səbəb ola biləcək qədər ciddi ərazidə hərbi eskalasiya riskləri ortadan qalxacaq. Bu da özlüyündə önəmli hadisədir".
Parlamentari qeyd edib ki, son günlər proseslər gərgin müstəviyə qədəm qoymuşdu:
"Proseslərin daha da gərginləşməsi ciddi hərbi eskalasiyalara səbəb ola bilərdi. O baxımdan ikitərəfli razılaşma həm də müharibə riskini xeyli dərəcədə azaltdı. 6-7 aylıq fasilədən sonra sülhün əldə olunması ilə bağlı sıçrayışlı addım kimi qiymətləndirilə bilər. Eyni zamanda sərhəd qoşunlarının həmin ərazidə yerləşməsi yaxşı təcrübə olacaq ki, nəhayət sərhədlərin kiçik hissəsi də olsa delimitasiya və demarkasiya işlərini aparmaq mümkündür".