Qətər həm Azərbaycan, həm də Ermənistanla birgə ortaq layihələr planlaşdırır- RƏY

"Bu layihələr reallaşdığı təqdirdə regionda həm əməkdaşlığa, həm də təhlükəsizliyə böyük dəstək və töhvə verəcək"


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sədrəddin Sultan deyib ki, Qətər Azərbaycan münasibətləri getdikcə inkişaf edir:

"Bizə məlumdur ki, Qətər təbii qaz istehsalı və hasilatında dünyanın aparıcı ölkələrindəndir. Azərbaycan-Qətər münasibətlərinin inkişafı ölkəyə həm Qətər, həm də digər müsəlman ölkələrinin sərmayə qoyuluşunun artmasına kömək edə bilər. Çünki Prezident İlham Əliyev Qarabağda yenidənqurma işlərinin görülməsi üçün müsəlman ölkələrinə müraciət edib. Hesab edirəm ki, səfərdə Qətər-Türkiyə-Azərbaycan üçtərəfli layihələrinin reallaşması, qarşılıqlı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə olunacaq. Rəsmi Bakı-Doha münasibətlərinin inkişafının həm regiona, həm də İslam dünyasına böyük faydası olacaq".

Analitik əlavə edib ki, Qətər hazırda həm Azərbaycan, həm də Ermənistanla birgə ortaq layihələr planlaşdırır:

"Bu layihələr reallaşdığı təqdirdə regionda həm əməkdaşlığa, həm də təhlükəsizliyə böyük dəstək və töhvə verəcək".

Yusif Məmmədxanlı