“Bir olaq, iri olaq, güclü olaq!” 

Azərbaycançılıq ideyasının təbliği 

Cənab Prezidentin Berlindəki mesajı

  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Almaniyaya səfəri zamanı Berlində soydaşlarımızın gur alqışları, sevinc nidaları ilə qarşılandı. Əllərində dövlət bayrağımızı tutan soydaşlarımızın “Yaşasın Ali Baş Komandan”, “Yaşasın Azərbaycan ordusu”, “Qarabağ Azərbaycandır” nidaları təkcə Almaniyada deyil, dünyada yaşayan həmvətənlərimizin qəlbindən gələn sevinc sədaları, Azərbaycana, Vətənə bağlılıqlarının təzahürü idi. Təbii ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın Vətənə, dövlətə bağlılıqlarının əsasında Ulu Öndər Heydər Əliyevin ötən əsrdən etibarən hər bir azərbaycanlının düşüncəsinə, ruhuna sirayət edən vahid ideologiya – azərbaycançılıq ideyasını tərənnüm etməsi və təkcə tərənnümlə kifayətlənməyərək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bu ideya ətrafında toplaşmasını və bu ideyaya xidmət etməsini şərtləndirən siyasi-ideoloji xətt yürütməsi, əməli işlərin icrasına şəxsən özünün rəhbərlik etməsi dayanır. Ulu Öndər Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin ölkəyə bağlılığının daha da möhkəmlənməsi üçün diaspor təşkilatlarının fəaliyyətinə xüsusi önəm verirdi. Göstərilən nəhəng xidmətlərin nəticəsidir ki, xaricdə yaşayan soydaşlarımız bu gün Ana Vətənə, dövlətə sarsılmaz şəkildə bağlıdırlar. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə daim əlaqə saxlamaları, bu əlaqələrin heç vaxt qırılmaması üçün diaspor təşkilatlarının fəaliyyətinə hər zaman xüsusi diqqət ayırır. Cənab Prezidentin “soydaşlarımız əmin olsunlar ki, Azərbaycan dövləti onlara daim böyük dəstək verəcək. Azərbaycan dövləti onların yanındadır”, sözlərini soydaşlarımız heç vaxt unutmur. Cənab Prezident istər xarici ölkələrə səfərləri zamanı, istərsə də Dünya azərbaycanlılarının ölkəmizdə - Şuşada keçirilən qurultayında çıxışı zamanı qeyd edib ki, doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsi daim ölkəmizin diqqət mərkəzindədir. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verir, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında böyük əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. 
  Xaricdə yaşayan soydaşlarımızın Vətənə, dövlətçiliyə bağlılıqlarını onların cənab Prezidentə ünvanladıqları təbrik mesajlarında da görmək olardı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbrikərdə soydaşlarımız Vətənin  rifahı naminə aparılan siyasəti dəstəklədiklərini və növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildirirdilər. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyəti və üzvləri adından, Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası üzrə “Azərbaycan Konqresi” ictimai təşkilatı,  Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Regional İctimai Təşkilatı, İtaliyanın Milan şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyası, Rusiyanın Primorsk diyarında fəaliyyət göstərən Azərbaycan diasporunun “Dostluq” ictimai təşkilatı və daha neçə-neçə belə təşkilat və birliklər cənab Prezidentə sarsılmaz inamlarını qeyd edərək  bildirirdilər ki, Vətənimiz Azərbaycanın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzulayırlar: “Siz istedadlı prezident, peşəkar idarəçi, enerjili, məsuliyyətli və hər zaman qalib gəlmək əzmində olan lider nüfuzuna maliksiniz. Sizin quruculuq və çoxşaxəli fəaliyyətiniz doğma vətənimizi güclü, tam müstəqil dövlətə çevirib, konstruktiv siyasətiniz isə beynəlxalq aləmdə geniş rəğbət doğurub. Biz sizinlə qürur duyuruq. Siz bizim Prezidentimizsiniz! Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz! Sizin adınız tarixdə adı qızıl hərflərlə yazılan sərkərdələr sırasındadır. Siz 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Qarabağımızı bizə – Azərbaycan xalqına qaytardınız. Azərbaycanın çağdaş tarixində unudulmaz zəfərə imza atdınız. Bu il Qarabağın tam olaraq separatizmdən təmizlənməsi və ərazi bütövlüyümüzün tam təmin edilməsi ilə xatırlanacaq. Buna görə Sizə minnətdarıq!”.  Növbədənkənar Prezident seçkiləri ərəfəsində də soydaşlarımız “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında birləşərək milli birlik nümayiş etdirməyə, seçkilərdə fəal olmağa dəvət edirdilər. Xarici ölkələrdə yaşayan həmvətənlərimiz də əmin idi ki, xalqımız gələcəyi ilə bağlı ən doğru qərarı verəcək: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”. İstər 44 günlük Vətən müharibəsində, istərsə də şanlı qələbədən sonrakı dövrdə xalqımız xarici ölkələrdə yaşayan həmvətənlərimizin Vətənə bağlılıqlarının bir daha şahidi oldu. Aydın görünürdü ki, dünyada yaşayan azərbaycanlılar öz Prezidentini sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Azərbaycan Prezidenti cənab İlham Əliyevi müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir lider hesab edir və ölkəmizin firavan gələcəyini, dövlətimizin bundan sonrakı mərhələlərdə də güclənməsini cənab İlham Əliyevin siyasi iradəsində görürlər. Bütün bu deyilənlər öz təsdiqini cənab Prezidentin Almaniya səfərində də tapdı. Soydaşlarımızın cənab Prezidenti sevinclə, qürur hissi ilə qarşılaması onların Vətənə, dövlətçiliyə bağlılıqlarını təsdiq edirdi. 
  Siyasi şərhçi Tahir Ələkbərov da bu fikirdədir ki, cənab Prezidentin Almaniyaya səfəri dövlətimizin və dövlət başçımızın gücünü, qüdrətini göstərməklə yanaşı, xarici ölkələrdə yaşayan həmvətənlərimizin də azərbaycançılıq ideyası ətrafında birləşdiyinin təsdiqi idi: 
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya dəvət olunması, Almaniyanın Kansleri, Prezidenti, Baş naziri və hətta arada olan zaman fasilələrindən yararlanan BƏƏ-nin naziri ilə görüşməsi və ən yüksək ali şərəfə layiq dünya miqyaslı lider olaraq motoskilet kortejinin müşayiəti ilə qarşılanması, bütün bunların hamısı, Azərbaycanın və Azərbaycan Rəhbərinin dünya siyasi elitasında olduqca böyük diqqətə, hörmətə, ehtirama malik olduğunun əyani göstəriciləridir. Məlumdur ki, Almaniya iqtisadi cəhətdən Avropada aparıcı ölkədir. Siyasi cəhətdən isə Almaniya birinci güc mərkəzi olan ABŞ, İngiltərə, qərbin önəmli subyekt ölkəsidir. Yəni Almaniyanın bütün xarici siyasəti və hətta böyük iqtisadi layihələri də bu güc mərkəzinin beyin sistemi tərəfindən istiqamətləndirilir. Bu gerçək geosiyasi mənzərəni bildikdən sonra artıq Cənab İlham Əliyevin bu səfərinə hansı ölkələrin hansı prizmadan baxdığı da bizə məlum olur. Azərbaycan Prezidenti heç bir qütbün düşüncə beyin mərkəzi tərəfindən idarə olunmur. Cənab İlham Əliyev hərəkətlərini, fikirlərini, siyasətini xalqımızın min illərlə mövcud olmuş dövlətcilik genlərindən, qan yaddaşından, ona fəhm olunan duyğulardan, tarixi gercəklikləri təfəkkür süzgəcindən keçirərək gəldiyi nəticələri, müasir Azərbaycan dövlətinin və xalqının maraqlarına istiqamətləndirir. Tam müstəqil bir siyasət adamıdır, dövlət başcısıdır. Məhz ona görə də hansı güc mərkəzinin subyekti olmasından asılı olmayaraq, bütün dövlətlərin rəhbərləri Cənab İlham Əliyevə xüsusi hörmət və ehtiram edirlər. Öz daxilində onlar bəlkə də Azərbaycan Prezidenti İlham Əliyevə həsəd aparırlar. Çünki ondan yüksəkdə heç bir üst qurum yoxdur! Cənab İlham Əliyev üçün ən ali üst qurum, beş min illik dövlətcilik ənənələri üzərində qurulmuş müasir dövlətimizdir, xalqımızdır. Bu hal dövətimizin və xalqımızın ən böyük uğurlarındandır. Ona görə də COP29-a ev sahibliyi etmək üçün bütün dövlətlər Azərbaycanı dəstəkləyiblər. Məhz ona görə də COP29-a aid məsləhətləşmələr üçün, fikir mübadiləsi etmək üçün cənab İlham Əliyev Almaniyaya dəvət olunub. Ən sevindirici hal o oldu ki, cənab İlham Əliyev avtomobildən enib təyin olunmuş əraziyə gedərkən ora toplaşan azərbaycanlılar onu "Yaşasın Ali Baş Komandan” şüarı ilə salamladılar. Ali Baş Komandan isə onlara əl edib salamladı və "dəmir yumruq" göstərdi. Bunun anlamı odur ki, “Bir olaq, iri olaq, güclü olaq! Yəni "dəmir yumruq" hər zaman yerindədir! Berlində belə bir ismarıcın verilməsi də bu mənanı, bu mətləbi anladır".