Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezidentə təşəkkür edirlər
Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər. Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcək.
Ötən gün Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi də keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da, Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınıb və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət ediblər. Beləliklə, köç də nəzərə alınmaqla Laçın şəhərində cəmi 493 ailə, Zabux kəndində isə cəmi 217 ailənin məskunlaşması təmin ediləcək. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Azərbaycan Həmrəylik Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Şuşadan olan soydaşlarımızı da təbrik etmək vaxtı yetişdi. Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramına uyğun olaraq öz doğma yurdlarına köçmək sırası Şuşadan olan keçmiş məcburi köçkünlərə də çatdı:
"Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında artıq püşkatma da keçirilib. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.
Yeri gəlmişkən, bu da xüsusi qeyd olunmalıdır ki, ilk püşkatma məhz şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib. Onlar Şuşa şəhərində çoxmənzilli binalarda evlə təmin olunacaqlar. Heç şübhəsiz ki, şuşalılar qayıdışın başlanması xəbərini çox böyük sevinc hissi ilə qarşılayıblar. Onların sevinc hisslərinə hər birimiz şərikik. Çünki işğaldan azad edilmiş torpaqlarımıza yenidən sahiblənməyimiz hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Mədəniyyət paytaxtımız olan Şuşaya qayıdışımızın gerçəkləşməsi isə ilk növbədə düşmənlərimizi yasa batıracaq. Bu baxımdan Şuşaya qayıdış həm də siyasi, psixoloji anlam daşıyır. Şuşaya qayıdışımız düşmənin belini qıracaq hadisədir. "Böyük Qayıdış"ın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir. Laçınlı, zəngilanlı, ağdamlı, cəbrayıllı, füzulili soydaşlarımızdan sonra indi də sıra şuşalılarındır. Ona görə də bu gün şuşalıları ürəkdən təbrik edir, onlara “Qayıdışınız mübarək olsun!” deyirik. Evləriniz həmişə abad olsun, ocaqlarınız gur yansın, əziz şuşalılar. Bundan sonra nə Şuşaya, nədəki digər torpaqlarımıza bir daha heç vaxt düşmən ayağı dəyməsin. Öz canlarını qurban verməklə "Böyük Qayıdış"ı həsrətdən gerçəkliyə çevirən müqəddəs şəhidlərimizin ruhları da şad olsun. Bəli, Şuşaya qayıdış şəhid ruhlarını da sevindirəcək".
Ə.Hüseynov vurğulayıb ki, inşallah, tezliklə Qubadlıya, Kəlbəcərə, Xankəndiyə, Xocalıya, Xocavəndə də qayıdışımız baş tutacaq: "İndi “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun şücaəti ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs vermək, erməni vandalları tərəfindən dağıdılan, talan edilən şəhər və kəndlərimizin dirçəlişinə nail olmaq üçün bütün qüvvələr səfərbər edilib. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. "Böyük Qayıdış" sürətli inkişafımızın açarı deməkdir".