Latviya Seyminin sədri: Şuşa yenidən doğulacaq - FOTO

Latviya Seyminin sədri Daiga Mierinanın Azərbaycana rəsmi səfəri çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi Azərbaycan Milli Tarix Muzeyi ilə birgə Azərbaycanda Latviya mədəni irsinə həsr olunmuş "Yuliys Straume -150: Naxışlar fərqli mədəniyyətlərdə" adlı multimedia sərgisini təqdim edib.

APA xəbər verir ki, sərginin açılışında Latviya Patlamentinin spikeri Daiga Mierina və Azərbaycan Milli Tarix Muzeyinin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov çıxış edib.

"İki ölkə arasında son dövrlər inkişaf edən mədəni, siyasi, iqtisadi əlaqələr bizi sevindirir. Bu gün bizim muzeyimiz önəmli sərgiyə ev sahibliyi edir. Yulius Starume özündən sonra böyük irs qoyub gedib və biz şadıq ki, bu irsdə Qafqazın, Azərbaycanın da izi var", - Fərhad Cabbarov çıxışında deyib.

Sərginin açılışında Latviya parlamentinin spikeri çıxış edərək deyib ki, o, latviyalı sənətkarın bir zamanlar səyahət etdiyi regionda olub.

"Mənim Qarabağa səfər etmək şansım oldu. Bu səfər çox emosional, təsiredici idi. Mən inanıram ki, mədəniyyətiniz, tarixinizin incisi olan Şuşa yenidən doğulacaq", - parlament sədri deyib.

O bildirib ki, Azərbaycan və Latviya arasında mədəni əlaqələr göründüyündən daha yaxın və dərindir: "Lativadan sənət adamları bu ölkəyə səfər edib, burada yaşayıblar. Bu gün bu sərgi də bizim mədəni əlaqələrimizin yaxınlığının göstəricisidir. 100 il əvvəl latviyalı sənətkarlar artıq Azərbaycanla tanış idi, bura səfər etmişdilər. 1900-cı illərin əvvəllərində latviyalı şairlər bura gəlmişdilər. Latviyalı musiqiçilər, yazarlar bizim əlaqələrimizə, bir-birimizin kimliyini tanımağa töhfə veriblər".

Latviyalı dövlət rəsmisi ölkələr arasında dialoqun vacibliyini də vurğulayıb.

"Dialoq, qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət etmək, xarici siyasətin, beynəlxalq hüququn vacib prinsipləri dəyərləridir. Bu prinsip və dəyərlər kiçik ölkələr üçün xüsusilə böyük əhəmiyyət kəsb edir", - o qeyd edib.