Minalar təkcə can almır

Ekologiya və ətraf mühitin mühafizəsi

Yer altında uzun müddət qaldıqda torpaq da kimyəvi çirklənməyə məruz qalır

  Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir. Bu terrordan təkcə insanlarımız deyil, eyni zamanda Azərbaycan təbiəti, ətraf mühiti, heyvanlar, bitki aləmi də zərər çəkir. Həmçinin Ermənistanın bu əməlləri ümumilikdə Cənubi Qafqazın ekologiyası üçün ciddi təhlükə yaradır. Mina partlayarkən sadəcə insanlara yox, yaxınlıqdakı heyvanlara, minlərlə qarışqa yuvaları, böcəklər məhv olur. Minaların qəlpələri göydə uçan quşlara da ziyan vurur, həmçinin partlayışın baş verdiyi ərazidə yanğınlar bitki aləmini, ağacları, kolları məhv edir, havanı çirkləndirir. Ona görə də işğaldan azad olunan ərazilərimiz minalardan tamamilə təmizlənənə qədər Azərbaycanın florasına, faunasına, canlı aləminə, ətraf mühitə Ermənistanın ekoloji terroru davam edəcəkdir. Ermənistanın ekoloji cinayəti cavabsız qalmamalıdır.
Məlumata görə, azad edilmiş ərazilərimizdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur. Hazırda Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. Təəssüf ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana lazımi dəstəyi vermir, həmrəylik nümayiş etdirmir.
  Yeri gəlmişkən, dünən Zəngilanda başlayan “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusundakı konfrans işini Bakıda davam etdirir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı videomüraciətdə də minaların ətraf mühitə təsirlərinə toxunub. Ölkə başçısı qeyd edib ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Prezident həmçinin bildirib ki, mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur: “Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır. Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
  Bu tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini nümayiş etdirir. İnanıram ki, konfrans mina probleminin, onun törətdiyi bütün, o cümlədən ekoloji fəsadların aradan qaldırılması imkanlarının müzakirəsinə, habelə mina fəaliyyəti sahəsində qabaqcıl təcrübə mübadiləsinə töhfə verəcəkdir”.
  BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyev konfransının iştirakçılarına videomüraciətində deyib ki, minaların ətraf mühitə ziyanı böyükdür və onlar ətraf mühit üçün yeni çirklənmiş ərazilər yaradır. O, Azərbaycan hökumətinə ətraf mühiti mühafizə sahəsində həyata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlərin 18-ci dayanıqlı inkişaf məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi onu göstərir ki, ölkə ətraf mühitin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini - xüsusilə ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir".
  Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə qeyd edib ki, minalar təkcə insan həyatı üçün gizli təhlükələr yaratmır, həm də dayanıqlı inkişafa mane olur. “Mina və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə mənfi təsiri, ekoloji tarazlığın bərpa olunması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, eləcə də minatəmizləmə fəaliyyəti ilə ekoloji inkişaf arasında əlaqənin vacib komponentdir.
  Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaratmaqdır. Ekosistemləri bərpa etməklə və davamlı təcrübələri yenidən tətbiq etməklə biz bu torpaqları yaşıl sahələrə çevirməyi hədəfləyirik. Minimum emissiyaları təmin etmək üçün "ağıllı şəhərlər" və "ağıllı kəndlər" kimi innovativ texnologiyalar və yanaşmalardan istifadə edirik”, - o bildirib.
  "Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır:

“Minalar insanların həyatı və rifahı, ətraf mühit üçün ciddi təhlükə yaradır, ekoloji tarazlığa və daha yaşıl, daha sağlam planetə doğru irəliləyişə mane olur. Hesab edirəm ki, minaların ətraf mühitə təsirinin azaldılması, təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” kimi beynəlxalq tədbirlər bu istiqamətdə dialoqun təşviqi, biliklərin mübadiləsi və qlobal olaraq aktual problemin həllində birgə səylərin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Ən azından tədbirdə beynəlxalq ictimaiyyətin iştirak etməsi mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaradır.
  Biz anlayırıq ki, yaşıl gələcək təkcə iqlim dəyişikliyi ilə mübarizə deyil, həm də müharibənin partlayıcı qalıqlarının yaratdığı təhdidlərdən azad, təhlükəsiz və dayanıqlı mühit yaratmaqdır. Biomüxtəlifliyin qorunması və ekoloji reabilitasiyanın gücləndirilməsi, minaların ekosistemlərə təsiri və təmizlənmədən sonrakı fəaliyyətdə innovativ ekoloji bərpa üsulları, habelə Azərbaycanda ekologiya kontekstində mina təhlükəsi ilə mübarizə proqramları hazırlanmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti apardığı kompleks tədbirlər sayəsində torpaqlarımız minalardan təmizlənəcək və yurd-yuvasına qayıdan həmvətənlərimiz orada təhlükəsiz şəraitdə yaşaya biləcəklər".