Stoltenberq: Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq

Ukraynaya silah tədarükü NATO ölkələri üçün məcburi olacaq, onları general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komanda strukturları əlaqələndirəcək.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Gördük ki, ABŞ 6 ay ərzində Ukraynaya əlavə yardımı razılaşdırıb, həmçinin NATO-nun bütün ölkələrinin silah tədarük etmədiyini görürük. Əgər bunu könüllü tədarüklərdən NATO qarşısında öhdəliklərə çevirsək, əlbəttə tədarüklər daha böyük və etibarlı olacaq. Fərq ondadır ki, o zaman NATO-nun komanda strukturundan və ümumi maliyyəsindən istifadə edəcəyik. Müharibə nə qədər uzun olarsa, proqnozlaşdırıla bilmək, hesabat vermək və xərclərin ədalətli bölüşdürülməsi bizim üçün o qədər vacibdir", - o deyib.