Xüsusi nümayəndə: “Bu günədək Şuşada 20-yə yaxın sahibkar üçün şərait yaradılıb”

Bu günədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir: “Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edim ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmur. İlin sonunadək sözügedən binalarda əsasən qonaqlama, ictimai iaşə, ticarət xidmətlərinin təşkili planlaşdırılır”.