Bu xəstəlik əsasən təmas və tənəffüs yolu vasitəsilə insanlara yoluxur
2024-cü ilin əvvəlindən dünyada 3,1 mindən çox mpox xəstəliyinə (meymun çiçəyinin yeni adı) yoluxma halı aşkar edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib. Bu barədə 117 ölkə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bəs, meymun çiçəyi virusununAzərbaycanda da yayılması mümkündürmü?
Infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, meymun çiçəyi xəstəliyi üçün Afrika və Konqo Respublikası endemik bölgədir:
“Endemik bölgə meymun çiçəyi xəstəliyi olan əraziyə məxsusdur. Sıx meşələrdə yaşayan xüsusi gəmiricilər və meymunlar meymun çiçəyi xəstəliyinin daşıyıcısıdır. İnsanlar bu heyvanlarla təmasda olan zaman virus həmin şəxslərə yoluxur. Ona görə də o ərazilər endemik bölgə sayılır. Bəzi vaxtlarda bu xəstəlik həmin bölgədə müşahidə edilir. Meymun çiçəyi xəstəliyinin Azərbaycana birbaşa gəlmə ehtimalı yoxdur. Ancaq Avropaya, Türkiyəyə və daha sonra Azərbaycana gələ bilər. Meymun çiçəyi xəstəliyi koronavirusda olduğu kimi sürətli şəkildə yoluxmur. Əsasən təmas və tənəffüs yolu vasitəsilə insanlara yoluxur. Ona görə də meymun çiçəyi xəstəliyinin pandemiya törətmək potensialı çox deyil”.