Türkiyə millisinin Hollandiyaya uduzduğu və 1/4 finalda AVRO-2024-lə vidalaşdığı matçdan sonra meydandakı futbolçulardan tutmuş texniki heyətə qədər; Tribunalardakı azarkeşlərdən tutmuş, ekranlar qarşısındakı milyonlara qədər hamı çox üzüldü. Lakin kapitan Hakan Çalhanoğlunun paltardəyişmə otağına gedərkən tökdüyü göz yaşları məyusluğun simvoluna çevrilib.
Sherg.az xəbər verir ki, Hakan Berlin Olimpiya Stadionunda oynanılan tarixi matçdan dərhal sonra “Milliyet”ə özəl açıqlamalar verib.
Göz yaşları çox danışılan ay-ulduzlu futbolçu “Zatən mən ümumiyyətlə emosional insanam. Meydanda həmişə ölkəmi düşünərək hərəkət edirəm. İstərdim ki, ölkəm bu turnirdə ən yaxşı yerə gəlsin. Komanda kapitanı kimi meydanda çox çalışdım, əlimdən gələni etdim. Emosional olsam da, adətən ağlamıram, amma məmləkətə gəldikdə, hər şey bir az fərqli olur. Ona görə də matçdan sonra göz yaşlarımı saxlaya bilmədim" deyə bildirib.
Hakan Çalhanoğlunun baş məşqçi Vincenzo Montella ilə bağlı fikirləri də maraqlıdır. İtaliyalı çalışdırıcıya dəstək verən ulduz-aypara futbolçu bunları deyib:
“Bizi bura məşqçimiz gətirdi, vacib işlər gördü. Hər kəs öz fikrini bölüşəcək, amma komanda yoldaşlarım, mən məşqçimizə güvənirik. Müəllimimizə və onun komandasına indiyə qədər gördükləri işlərə görə təşəkkür edirik. Müəllimimiz Selçuk Şahinə və köməkçi müəllimlərimizə də təşəkkür edirik. Hər kəs çox yaxşı işləyirdi. Biz buradan öyrənib yeni turnirlərə keçəcəyik. Bu komandaya böyük inamım var. Axı biz gənc komandayıq. Əminəm ki, biz daha yaxşısını edəcəyik".