İranın türk dövləti kimi davranacağını düşünmək sadəlövhlük olardı - RƏY

Pezeşkianın prezident seçilməsi Qərbə danışıqlara və əməkdaşlıqlara açıq olduğunun mesajını verir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, biz İranda yeni Prezident fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik:

"İranda yeni prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq. İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, İranda bir Azərbaycan türkünün prezident seçilməsi çox önəmli hadisədir:

"Hesab edirəm ki, seçkilər rəsmi Tehranın həm regional, həm də xarici siyasətinə müəyyən qədər təsir edəcək. Lakin biz nəzərə almalıyıq ki, İran İslam rejimi ilə idarə olanın ölkədir və orda mühafizəkarlar da, islahatçılar da həmin sistemin təmsilçiləridir. Sadəcə olaraq islahatçılar həm daxili, həm də xarici siyasətdə yumşalmadan yanadır. Bu səbəbdən rəsmi Tehranın regional siyasətdə tamamilə dəyişəcəyi, hətta bəzilərinin iddia etdiyi kimi İranın türk dövləti kimi davranacağını düşünmək sadəlövhlük olardı. İranın dini siyasi sistemi bu seçkilərlə çox önəmli bir manevr etdi. Çünki son illərdə yəni mühafizəkarların hakimiyyəti dövründə həm alınan sərt qərarlara görə, həm də Rusiya və Çinlə yaxınlaşmasına görə Qərb ölkələri Tehrana ciddi sanksiyalar tətbiq edib. Görünür bu sanksiyalar İrana ciddi zərər verib".

Ekspert əlavə edib ki, İranda Azərbaycan türkü və islahatçı olan Pezeşkianın prezident seçilməsi Qərbə danışıqlara və əməkdaşlıqlara açıq olduğunun mesajını verir:

"Azərbaycanla İranın yeni dönəmdə münasibətlərinə gəldikdə isə yeni dövrdə mühafizəkarların dövründə olan ifrat gərginlik gözlənilmir. Böyük ehtimalla İran hədə-qorxu xarakterli hərbi təlimlərini sərhədlərimizdə keçirməyəcək. Hesab edirəm ki, Pezeşkianın hakimiyyəti dövründə Azərbaycan-İran münasibətləri inkişaf edə bilər".