Jurnalın bu sayı Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunub
“CARÇI ekspress” jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın 6-cı sayı Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri, böyük mütəfəkkir, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunub. Jurnalda alimlərin, akademiklərin, gənc tədqiqatçıların maraqlı yazıları yer alıb. Jurnalın təsisçisi və baş redaktoru Sərxan Carçı vurğulayıb ki, jurnalın bundan əvvəlki iki sayı Türk dünyasının böyük şəxsiyyətləri, görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə və irfan şairi Yunus Əmrəyə həsr olunub. S.Carçı Abbasqulu ağa Bakıxanovun da fərqli mövzularda, çox sayda əsərlərin müəllifi olmasını vurğulayıb. A.Bakıxanov müasir Azərbaycan mədəniyyətinin banilərindən biridir. Azərbaycan elmi tarixşünaslığının əsasını qoyan mütəfəkkir ensiklopedik biliyə malik şəxsiyyətlərin parlaq nümayəndəsidir. Onun astronomiya, coğrafiya, tarix, filologiya, fəlsəfə, məntiq kimi müxtəlif elm sahələrinə aid qiymətli əsərləri günümüzə gəlib çatıb. Elmi inkişafa özünəməxsus töhfə verməklə yanaşı, onun "Qüdsi" təxəllüsü ilə Azərbaycan, fars və az sayda ərəb dillərində klassik şərq poeziyasının müxtəlif janrlarında yazdığı bədii əsərləri də miras qalıb. Qeyd edək ki, "CARÇI Ekspess" jurnalının bir sayı da Qafqaz İslam Ordusuna həsr olunub.