Çünki bu təşkilat sanki Makronun istəklərinin reallaşdırılması üçün fəaliyyət göstərir
Milli Məclisin iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi, ümumiyyətlə, Qərbin ölkəmizə yönəlik qərəzli münasibəti də müzakirə mövzusu olub. Deputat Azər Badamov bildirib ki, ABŞ Konqresi, Fransa Senatı, Niderland Parlamenti, indi də Avropa Parlamenti sanki bir xristian təəssübkeşliyini ifadə edir və Azərbaycana qarşı baş-başa verib eyni absurd qərəzli qarayaxmanı səsləndirirlər: “Avropalı parlamentarilər öz gözündəki tiri görmür və başqasının gözündə tük axtarışındadırlar. Təbii ki, bu axtarış Fransanın və erməni lobbisinin sifarişi əsasında həyata keçirilir. Avropa parlamentinin adını dəyişib Fransa parlamenti qoysa, yaxşı olar. Çünki elə bil ki, Avropa Parlamenti sanki Makronun istəklərinin reallaşdırılması üçün fəaliyyət göstərir. Bu gün Avropanın bir çox ölkələrində, xüsusilə Fransada insan haqlarının pozulması və beynəlxalq hüququn tapdalanması adi hala çevrilib. Bu, demokratik parlament olsaydı, Fransanın və Niderlandın müstəmləkəçilik siyasətinə qarşı bir qətnamə qəbul edərdi. Azərbaycan COP29-a ev sahibliyi etməklə, iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəylik yaratmaqla dünya ictimaiyyəti arasında körpülər salmağa çalışır. Hətta COP29 dövründə dünyada müharibələrin dayandırılması təşəbbüsü ilə çıxış edirik. Ermənistandan da dayanıqlı sülhün imzalanması üçün qonşulara qarşı olan ərazi iddialarından əl çəkməsini tələb edirik. Avropalı parlamentarilər bir daha bilsinlər ki, Azərbaycanda insan haqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşılır və onların qəbul etdikləri kağız parçaları ilə ölkəmizi özünün ədalətli mövqeyindən çəkindirə bilməzlər”.
Deputat Soltan Məmmədov bildirib ki, COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır: “Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk. Ona görə də tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsi təsadüfi deyil. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, Prezidentin siyasətinə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq, biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik. COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir. Konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir. Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan ev sahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir. Qlobal əhəmiyyətli mövzularda beynəlxalq birliyin məsuliyyətli üzvü kimi daim ümumi işə töhfə verməyə çalışan ölkəmizə qarşı haqsız ittihamlar bizi yolumuzdan döndərə bilməz”.
Deputat Nizami Səfərov qeyd edib ki, Avropa Parlamentinin 24 oktyabr tarixində qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının pozulması və Ermənistanla münasibətlər haqqında” qətnamənin mətni ilə tanışlıqdan sonra belə bir təsəvvür yaranır ki, qətnamə hər bir deputatının illik saxlanılması vergi ödəyicilərinə 2 milyon avrodan çox bir rəqəmi təşkil edən və 446 milyon avropalını təmsil edən qanunverici qurum tərəfindən deyil, Ermənistan parlamentində qəbul edilib: “Ölkəmizə qarşı tamamilə əsassız iddialarla heç bir dövlət və ya beynəlxalq təşkilat məkrli niyyətlərinə nail ola bilməyəcək”.