“27 oktyabr tarixində Özbəkistanda baş tutan parlament seçkiləri beynəlxalq standartlara və normalara, milli seçki qanunvericiliyinə və bu sənəddə əksini tapan demokratik, açıq, şəffaf və ədalət prinsiplərinə uyğun və ölkə vətəndaşlarının fəal iştirakı ilə keçirilib”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
Son illər Özbəkistanda əsaslı islahatların keçirildiyini xatırladan H. Heydərli deyib ki, Şavkat Mirzioyevin hakimiyyətə gəlməsindən sonra bir çox sahələrdə müsbət dəyişikliklər edilib, özbək xalqının rifahının artırılması istiqamətində uğurlu addımlar atılıb:
“Özbəkistanda demokratiya prinsiplərini gücləndirən islahatlar davam edir. Oktyabrın 27-də keçirilən seçkilər bunu əyani şəkildə nümayiş etdirdi.
Bu səbəbdən də parlament seçkilərində Ş. Mirziyoyevin liberal partiyasının qalib gəlməsi təəssüf doğurmur.
Liberal Demokrat Partiyasının 150 mümkün yerdən 64-nü alması da ölkədə həyata keçirilən sosial- iqtisadi islahatlara, daxili siyasətə özbək xalqının müsbət reaksiyasıdır”.
H. Heydərli deyib ki, Özbəkistanda keçirilən Ali Məclisin Qanunvericilik Palatası və Xalq Deputatları Şurasına seçkilər təkcə ölkə daxilində deyil, xaricdə də əlamətdar hadisədir:
“Özbəkistan parlamentinə seçkiləri dünyanın 50-dən artıq ölkəsindən gələn 1000-dən çox beynəlxalq müşahidəçi, 20-dən artıq beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası seçki prosesini müşahidəçi kimi izləyiblər.Qardaş ölkədə budəfəki parlament seçkiləri yenilənmiş Konstitusiyaya və milli seçki qanunvericiliyinə əsasən, ilk dəfə majoritar-proporsional sistem əsasında keçirilib və heç bir neqativ hal aşkarlanmayıb. Seçkilərdə iştirak edən siyasi partiyalar da həm təbliğat- təşviqat dönəmində, həm də seçki günü hər hansı bir maneə ilə qarşılaşmadıqlarını bildiriblər. Namizədlərin və seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Bu da özbək xalqına öz ölkəsinin sabitliyi və inkişafı naminə şüurlu seçim etmək imkanı verən mühüm bir haldır. Qeyd edim ki, Ali Məclisin Qanunvericilik Palatasını ölkədə fəaliyyət göstərən 5 partiya – Sahibkarlar və İşgüzar Adamlar – Özbəkistan Liberal-Demokrat Partiyası, “Milli Dirçəliş” Demokratik Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası, Xalq Demokrat Partiyası və Ekoloji Partiya formalaşdırıb.
H. Heydərlinin sözlərinə görə,bundan sonra da dost və qardaş ölkələr olan Azərbaycan və Özbəkistan əməkdaşlığını dərinləşdirməkdə davam edəcək. zərbaycan ilə Özbəkistan arasında ortaq tarixi-mədəni irsə əsaslanan uzunmüddətli əlaqələr müasir reallıqlara uyğun olaraq fəal şəkildə inkişaf edir. İmzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Bəyannamə gələcək əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Bu qarşılıqlı əlaqə həm bu ölkələrin, həm də bütün türk dünyasının inkişafına töhfə verir.