Cəmiyyətin oğru xanımları...

Tədbirlər zamanı masadakıları çantaya doldurmaq dəyərlərə və özünə hörmətsizlikdir

"Bir insanın sadə bir şirniyyatı oğurlaması, onun daxili dünyasında etik və əxlaqi qaydalara qarşı bir inamsızlıq yaradır"


  “Bəzən tədbirlərin çay-nahar fasiləsi zamanı şirniyyat və ya yeməyi çantasına dolduran xanımlar görürəm və bu, məni çox incidir. Düşünürəm ki, sağlam düşüncəsi, xarakteri, dünyagörüşü, ən əsası, dəyərləri olan insan bunu etməz. Bu, ilk növbədə, özünə hörmətsizlikdir. Mənə görə, bu da oğurluqdur və bir oğru, cəmiyyətin tərbiyələnməsində rol ala bilməz”.
  “Sherg.az” xəbər verir ki, bu barədə  Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai sosial media hesabında yazıb. 

QHT nümayəndəsinin sözlərinə görə, oğru, dilənçi qadın və analar ailənin, cəmiyyətin sütunu ola bilməz: “Oğru, oğru yetişdirər, dilənçi yetişdirər. Bir tikə çörək, beş dəqiqəlik zövq üçün başqasının mənafeyini tapdalayar, haqqını yeyər. Ağrılı və utandırıcı da olsa, bu həqiqəti dilə gətirməliyik ki, fərqindəlik, müsbət dəyişiklik yarada bilək. Çünki bu, yalnız fiziki oğurluq deyil, həm də ruhi, mənəvi oğurluqla bağlıdır. Hər bir insan öz davranışlarına cavabdehdir və bu cür kiçik, amma vacib məsələlərə diqqət yetirmək, hər birimizin daha sağlam və dürüst bir cəmiyyət qurma yolunda atdığı bir addım olacaqdır”.
  Oğurluğun cəmiyyətə təsirinə  toxunan S.Fədai qeyd edib ki, cəmiyyətdə müəyyən davranışlar zamanla təkrarlanar və bəzi insanlar üçün normal hala gələ bilər. Şirniyyat və yeməkləri çantalarına doldurmaqla məşğul olan şəxslər, heç də qida ehtiyacı olanlar deyil, eyni zamanda bu davranışları fərqində olmadan mənimsəyənlərdir: “Bu, ilk baxışda sadə bir davranış kimi görünsə də, cəmiyyətdəki böyük bir psixoloji və sosial mənzərənin əksidir.
  Çox zaman bu cür hərəkətlər sadəcə acgözlük və ya diqqətsizlik kimi izah edilir. Lakin əslində, bu davranışlar cəmiyyətdəki əxlaqi dəyərlərin zəifləməsinin və insanın öz mənafeyini başqalarının haqqı üzərində qurmağa başlamasının bir əlamətidir. Bu cür "kiçik oğurluq" hərəkətləri zamanla böyük problemlərə yol aça bilər. Sosial və mədəni quruluşda insanlar arasında qarşılıqlı hörmət və etibar insanları bir arada tutan mühüm amillərdir. Bu dəyərlər zəiflədikdə, hər bir fərd öz mənfəətini ön plana çəkərək başqalarının haqqını tapdalayır. 
  Bu tip davranışlar yalnız şəxsi həyatımızda deyil, daha geniş şəkildə cəmiyyətə və gələcək nəsillərə də mənfi təsir göstərir. Bir insanın sadə bir şirniyyatı oğurlaması, onun daxili dünyasında etik və əxlaqi qaydalara qarşı bir inamsızlıq yaradır. Uşaqların belə bir mühitdə böyüməsi, onlarda doğru və yanlış arasındakı sərhədin bulanıqlaşmasına səbəb ola bilər.
  Bir valideyn olaraq bu cür davranışları müşahidə edən və buna göz yuman bir şəxs, gələcəkdə öz uşaqlarına düzgün əxlaq dərsi verməkdə çətinlik çəkəcək. Bir cəmiyyətin sağlam olması, hər bir fərdin düzgün dəyərlərlə böyüdüyü bir mühitdən asılıdır. Oğurluqla məşğul olan və ya başqasının haqqını yeməkdən çəkinməyən bir insan cəmiyyətə doğru və ədalətli bir şəkildə xidmət edə bilməz. Çünki o, həqiqi mənada xalqını düşünə bilməz, öz mənafeyini başqalarının haqqı üzərində qurmağa davam edər. Bu, həm cəmiyyətin, həm də ailənin sağlamlığını təhdid edən təhlükəli bir tendensiyadır”.