Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl sosial media hesabında Suriyadakı proseslərlə bağlı paylaşım edib.
Sherg.az xəbər verir ki, Özəl, Suriyadakı bütün suriyalıları təmsil edən bir keçid hökumətinin qurulmasına çağırıb və Türkiyədəki suriyalılar üçün hərtərəfli proqramın hazırlanmasının vacibliyini qeyd edib.
Özəl paylaşımında bunları deyib:
"İllərdir Suriyanı avtoritarizmlə idarə edən Əsəd rejimi bu gündən sona çatıb. Hazırda Suriyada bütün suriyalıları təmsil edən keçid hökumətinin qurulması vacibdir. Cümhuriyyət Xalq Partiyası ərazi bütövlüyünün tərəfdarıdır. Suriyada demokratiya, sülh və sabitlik mühiti vacibdir.
Suriya ilə bağlı prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyi və sülhüdür. İllərdir müxtəlif statuslarla Türkiyədə olan suriyalıların evlərinə qayıtmasını təmin edəcək hərtərəfli proqram dərhal ortaya qoyulmalıdır.
“Biz Suriyanın bütün dostlarını İraq və Liviyada səhvlərin təkrarlanmaması üçün keçid hökumətinin, daha sonra isə insan haqları və qanunun aliliyinə əsaslanan demokratik rejimin qurulmasını dəstəkləməyə çağırırıq”.
Qeyd edək ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib.
Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.
Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Əsəd paytaxtdan qaçıb.
Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb.