NATO baş katibi alyans ölkələrinin hərbi istehsalının artırılmasına çağırıb

NATO-nun baş katibi Mark Rütte alyans ölkələrini hərbi istehsalı artırmağa çağırıb və əmin edib ki, bu cür təşəbbüslər iqtisadi vəziyyətə faydalı təsir göstərəcək.

Trend-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Londonun "Çatem haus" analitik mərkəzində deyib.

"Müdafiə sərmayəsi ilə yanaşı, müdafiə istehsalını da artırmalıyıq. Bu, sərfəli qiymətlərlə hərbi təchizatın artırılması deməkdir", - deyə o bildirib.

Onun sözlərinə görə, NATO müdafiə istehsalına müasir texnologiyaların tətbiqinin tərəfdarıdır.

O vurğulayıb ki, alyans ölkələrin ÜDM-in 5%-ə çatdırılmalı olan müdafiə sərmayələri həm də mülki infrastrukturun, xüsusən də nəqliyyat sahəsində təkmilləşdirilməsinə gətirib çıxaracaq.