- Münaqişənin yerini nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq tutur
Cənubi Qafqazda son illərdə baş verən proseslər regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişib. 2020-ci ildə Azərbaycanın əldə etdiyi Zəfər, 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, 2025-ci ildə isə Azərbaycan-Ermənistan sülh sazişi mətninin Vaşinqtonda paraflanması bu transformasiyanın əsas mərhələlərini təşkil edir. Bu proseslər yalnız Azərbaycan-Ermənistan münasibətlərinin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq arxitekturasının yenidən formalaşmasına, eyni zamanda ABŞ-ın regiona yanaşmasında yeni istiqamətlərin meydana çıxmasına səbəb olub.
Bu tarixi dəyişikliklərin arxasında Azərbaycanın ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin diplomatik xətti Azərbaycanın hərbi-siyasi imkanlarını diplomatik və geosiyasi dividendlərə çevirməyə, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirməyə və regionda yeni reallıqların formalaşmasına yönəlib. Azərbaycan rəhbərliyinin prinsipial mövqeyi ilə praqmatik diplomatik yanaşmanı bir arada tətbiq etməsi ölkənin həm regional, həm də qlobal güc mərkəzləri ilə münasibətlərində yeni imkanlar yaradıb.
8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan sammiti də məhz bu siyasətin mühüm nəticələrindən biri kimi mühüm əhəmiyyət daşıyır. Sammitdə sülh sazişi mətninin paraflanması Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm siyasi-hüquqi mərhələ olmaqla yanaşı, Azərbaycanın formalaşdırdığı yeni reallıqların beynəlxalq müstəvidə qəbulunun göstəricisi kimi də diqqət çəkir. Paraflama yekun imza və ratifikasiyanı əvəz etməsə də, tərəflərin münasibətləri sülh və qarşılıqlı tanınma prinsipləri əsasında qurmaq iradəsini nümayiş etdirən mühüm addımdır.
Qlobal siyasətdə hadisələrin tarixi əhəmiyyəti yalnız imzalanan sənədlərlə deyil, onların yaratdığı yeni siyasi-hüquqi və geosiyasi düzənlə ölçülür. Bu baxımdan Vaşinqton sammiti Cənubi Qafqazda uzun illər davam edən münaqişə mərhələsindən postmünaqişə dövrünə keçidin mühüm göstəricilərindən biridir. Sülh gündəliyinin əsasını suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin qarşılıqlı tanınması təşkil edir.
Vaşinqton sammitinin əsas strateji mesajı isə bundan ibarətdir ki, Cənubi Qafqazın gələcəyi artıq keçmiş münaqişənin idarə olunması deyil, davamlı sülhün, təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın hüquqi-siyasi əsaslarının qurulması üzərində formalaşır. Bu yeni geosiyasi reallığın yaranmasında Azərbaycanın təşəbbüskar və həlledici rolu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasəti nəticəsində Azərbaycan yalnız regionda yaranmış yeni reallıqların əsas müəlliflərindən birinə çevrilməyib, həm də həmin reallıqların beynəlxalq səviyyədə qəbul etdirilməsində mühüm diplomatik mövqe qazanıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında deyib ki, Donald Trampın Ağ Evə qayıdışı ilə ABŞ-ın Cənubi Qafqaz siyasətində əvvəlki dövrdən fərqlənən yeni xəttin meydana çıxdığını müşahidə edirik. Bu dəyişiklik özünü xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutan görüşlər zamanı daha aydın göstərdi. Həmin tarixdə əldə olunan razılaşmalar həm Azərbaycan–ABŞ əlaqələrinin gələcək inkişaf istiqamətləri, həm də Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri baxımından mühüm siyasi nəticələr ortaya qoydu.

Politoloq hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması uzun illər davam edən münaqişənin siyasi gündəmdən çıxarılması istiqamətində ciddi addımdır: "Burada Donald Tramp administrasiyasının prosesə verdiyi siyasi dəstəyi də xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı razılaşma da mühüm məqamdır. Çünki artıq münaqişənin həll edildiyi bir şəraitdə keçmiş münaqişə mexanizmlərinin saxlanılması real vəziyyətlə uyğunluq təşkil etmirdi. Bu baxımdan, həmin institutun gündəmdən çıxarılması yeni regional reallığın diplomatik müstəvidə təsdiqi kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, TRIPP layihəsi ilə bağlı əldə olunan razılaşma Cənubi Qafqazın gələcək geoiqtisadi mənzərəsinə təsir göstərə biləcək mühüm təşəbbüsdür. Bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, o, regionu yeni nəqliyyat bağlantıları vasitəsilə daha geniş iqtisadi sistemə inteqrasiya etmək imkanına malikdir. Kommunikasiyaların genişlənməsi isə yalnız yük və sərnişin daşımalarının artması demək deyil. Bu, eyni zamanda region ölkələri arasında iqtisadi maraqların yaxınlaşması və qarşılıqlı asılılığın güclənməsi deməkdir".
Ş. Həsənovanın sözlərinə görə, 8 avqust görüşlərinin Azərbaycan–ABŞ münasibətləri baxımından ayrıca çəkisi var: " Prezident İlham Əliyevlə Donald Trampın Ağ Evdəki görüşü iki ölkə arasında münasibətlərdə yeni siyasi atmosferin formalaşdığını nümayiş etdirdi. ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqinin dayandırılması uzun müddət davam edən məhdudiyyətlərdən birinin aradan qaldırılması baxımından mühüm addım idi. Bu qərar Vaşinqtonun Azərbaycana münasibətində əvvəlki yanaşmasını dəyişdirdiyini göstərən siyasi mesaj kimi də qəbul edilə bilər.
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Memorandumunun hazırlanması üçün xüsusi komissiyanın yaradılması da münasibətlərin gələcəyi baxımından əhəmiyyətlidir. Bu mexanizm iki ölkə arasında əməkdaşlığın ayrı-ayrı sahələrdən çıxaraq daha sistemli və uzunmüddətli çərçivəyə salınmasına imkan verə bilər. İlham Əliyevə Ağ Evin simvolik açarının təqdim edilməsi isə həmin görüşün diplomatik atmosferini xarakterizə edən diqqətçəkən jestlərdən biri oldu".
Politoloq hesab edir ki, 8 avqust Vaşinqton görüşlərinin əhəmiyyətini yalnız imzalanan və ya paraflanan sənədlərlə ölçmək düzgün olmazdı. Bu görüşlərin əsas nəticələrindən biri regionla bağlı yanaşmanın dəyişməsidir: "Cənubi Qafqaz artıq yalnız təhlükəsizlik və münaqişə prizmasından qiymətləndirilən ərazi deyil. Qarşıdakı dövrdə regionun əsas gündəmini nəqliyyat əlaqələri, iqtisadi münasibətlər, enerji layihələri və qarşılıqlı əməkdaşlıq müəyyən edə bilər.
Azərbaycan da son bir ildə bu istiqamətdə konkret siyasət həyata keçirib. Bakı Ermənistanla bağlı tranzit məsələlərində müəyyən məhdudiyyətləri aradan qaldırmaqla kommunikasiyaların açılmasına hazır olduğunu göstərib. Ermənistana neft məhsullarının ixracına başlanılması da bu yanaşmanın praktiki nümunələrindən biridir. Bu addımlar Azərbaycanın sülh prosesini yalnız siyasi danışıqlar səviyyəsində deyil, real iqtisadi və humanitar əlaqələr vasitəsilə də dəstəklədiyini göstərir.
Bununla belə, sülh prosesinin hüquqi baxımdan tam yekunlaşması üçün Ermənistanın öz qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalara aydınlıq gətirməsi vacibdir. Ermənistan Konstitusiyasında bu istiqamətdə dəyişikliklərin həyata keçirilməsi iki ölkə arasında münasibətlərin normallaşması üçün ciddi hüquqi maneələrdən birini aradan qaldıra bilər. Bundan sonra sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması ilə bağlı prosesin daha sürətli irəliləməsi üçün imkanlar genişlənəcək.
Bu baxımdan, regionda baş verən prosesləri yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək kifayət deyil. Burada daha böyük geosiyasi transformasiya gedir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qarşısına yeni məqsəd qoyub: hərbi Qələbəni davamlı siyasi sabitliyə, iqtisadi əməkdaşlığa və regional inteqrasiyaya çevirmək.
Bu prosesin ən mühüm tərəfi də məhz budur. Azərbaycan artıq regionun gələcəyi ilə bağlı yalnız reaksiya verən ölkə deyil, regional gündəliyin formalaşmasına təsir göstərən əsas aktorlardan biridir. Vaşinqtonda baş verənlər də bu reallığın beynəlxalq səviyyədə daha aydın şəkildə qəbul edildiyini göstərir".
Ş. Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə güclənib: "Ölkəmiz həm hərbi-siyasi, həm də diplomatik müstəvidə əldə etdiyi nəticələrlə öz maraqlarını müdafiə etmək imkanlarını nümayiş etdirib. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə isə formalaşmış yeni imkanlardan istifadə etməklə regionda uzunmüddətli sülhün və iqtisadi əməkdaşlığın möhkəm əsaslarını yaratmaqdır. Əgər qarşıdakı dövrdə əldə edilmiş razılaşmalar ardıcıl şəkildə həyata keçirilərsə, Cənubi Qafqazın siyasi xəritəsi ilə yanaşı, onun iqtisadi xəritəsi də dəyişəcək. Region yeni yolların, yeni ticarət əlaqələrinin və yeni əməkdaşlıq formatlarının meydana çıxdığı geosiyasi məkana çevrilə bilər. Bu isə Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün uzunmüddətli nəticələr doğurduğunu göstərir".