Paşinyandan Aİİ mesajı: İrəvanın əsas hədəfi Avropa İttifaqıdır?

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığı davam etdirəcəyini bəyan etsə də, İrəvanın uzunmüddətli siyasi istiqaməti Avropa İttifaqı ilə yaxınlaşmaq olaraq qalır.

Sherg.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ hökumətlərarası şurasının iclasında çıxış edərək təşkilat daxilində əməkdaşlığın ölkəsi üçün iqtisadi və xarici siyasət baxımından əhəmiyyətli olduğunu bildirib.

Politoloq Qrant Mikaelyan isə hesab edir ki, Paşinyanın açıqlamalarının arxasında İrəvanın əsas strateji seçimi dayanır. Onun sözlərinə görə, Ermənistan üçün prioritet tərəfdaş Aİİ deyil, Avropa İttifaqıdır.

Ekspert qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü hazırda real gündəm olmasa da, İrəvan Avropa ilə siyasi yaxınlaşma kursunu davam etdirir.

Paşinyan çıxışında Ermənistanın Aİİ büdcəsinə ödədiyi vəsaitlə ittifaqdan aldığı pay arasındakı fərqə də toxunub. O, həmçinin erməni məhsullarının Rusiyaya ixracında mövcud məhdudiyyətlərin ümumi bazarın tam fəaliyyətinə mane olduğunu bildirib.

Baş nazir Aİ-yə üzvlüklə bağlı referendumun isə hazırkı mərhələdə “mənasız və məzmunsuz” olduğunu deyib.