İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün limanlarda və aeroportlarda daxili sərhədlərdə nəzarətin müvəqqəti tətbiq edilməsinə qərar verib.

"Report" xəbər verir ki, bu barədə El País qəzeti məlumat yayıb.

Nəzarət avqustun 8-dən qüvvəyə minəcək və şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin seçmə qaydada yoxlanılmasını nəzərdə tutacaq. Gözlənilir ki, şəraitdə dəyişikliklər məhdudiyyətlərin uzadılmasını və ya vaxtından əvvəl ləğv edilməsini tələb etməsə, tədbirlər sentyabrın 7-dək davam edəcək.

İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən şəhəri ayıran dalğaqıranı keçərək üzərək və piyada İspaniyanın muxtar şəhəri Seutaya daxil ola bilib. Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbçiləri cəlb edib. Güman edilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb.

Bundan sonra İtaliya İspaniyaya münasibətdə Şengen sazişinin qüvvəsini müvəqqəti dayandırıb. İspaniya Xarici İşlər Nazirliyi bu qərarı əsassız adlandırıb.