Ukrayna ABŞ-ın tələbi ilə Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerlərə hücum etməmək barədə razılığa gəlib.
Sherg.az xəbər verir ki, "Bloomberg"in mənbələrə istinadən yaydığı məlumata görə, Kiyev həmçinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) infrastrukturuna zərbələr endirməyəcəyinə söz verib.
Razılaşma Novorossiysk yaxınlığında dron hücumlarından sonra keçirilən yüksək səviyyəli danışıqlar zamanı əldə olunub. Həmin hücumlar Qazaxıstan neftinin əsas ixrac marşrutlarından biri olan CPC-nin fəaliyyətinə təsir edib.
Ukrayna tankerlərə hücum etməmək üçün şərtlər müəyyənləşdirib. Gəmilər və onların sahibləri Ukrayna sanksiyalarında olmamalı, Rusiya vətəndaşlarına və ya şirkətlərinə məxsus olmamalı, həmçinin göyərtəsində Rusiya nefti və digər Rusiya yükləri daşınmamalıdır.
ABŞ administrasiyasının iyulun sonunda Ukraynaya CPC obyektlərinə hücumların yolverilməz olduğu barədə xəbərdarlıq etdiyi bildirilir.