AB Müdafiə Komissarı: 100 min nəfərlik ordu yaratmalıyıq

Avropa Birliyinin Müdafiə Komissarı Andrius Kubilius qitənin müdafiəsi ilə bağlı təkliflərini açıqlayıb. AB rəsmisi vahid hərbi qüvvənin və hərbi şuranın yaradılmasını təklif edib.

Sherg.az xəbər verir ki, gündəlik olaraq daha da gərginləşən beynəlxalq gündəmi dəyərləndirən Kubilius bildirib ki, “Avropa Birliyi 100 min nəfərlik hərbi qüvvə yaratmalı və müdafiə siyasətlərinin formalaşma prosesləri kökündən dəyişdirilməlidir”.

Avropanın ortaq müdafiəyə yanaşmasının başdan-ayağa yenilənməli olduğunu vurğulayan Kubilius, vahid “Avropa Ordusu” ideyasına diqqət çəkib.

AB Müdafiə Komissarı deyib:

“Əgər ABŞ ştat səviyyəsində 50 fərqli orduya, 50 fərqli müdafiə siyasətinə və müdafiə büdcəsinə malik olsaydı, hərbi baxımdan güclü ola bilərdimi? Əgər cavabımız ‘xeyr’dirsə, bəs biz nəyi gözləyirik?”

Kubilius Avropanın müdafiə hazırlığının üç əsas sütunu olduğunu bildirib:

“İstehsal gücünə daha çox investisiya, hazırlanmış və yaxşı təşkil olunmuş institutlar, həm çəkindirici, həm də zərurət yaranarsa döyüşə hazır siyasi iradə.”

“27 milli ordunun cəmi kimi yox, Avropa olaraq döyüşə biləcək şəkildə investisiya etməliyik” deyən Kubilius, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın sabiq kansleri Angela Merkelə istinad edərək 100 min nəfərlik Avropa hərbi qüvvəsinin yaradılmasının vacibliyini qeyd edib.