Azərbaycan və ABŞ arasında keçirilən birinci İqtisadi Dialoq iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Son illər enerji sahəsində formalaşan əməkdaşlıq modeli artıq daha geniş iqtisadi və texnoloji istiqamətlərə doğru transformasiya olunur. Bakıda keçirilən görüşlər göstərir ki, tərəflər münasibətləri yalnız ənənəvi enerji gündəliyi ilə məhdudlaşdırmaq niyyətində deyil.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun açıqlamalarında diqqət çəkən əsas məqam Strateji Tərəfdaşlıq Xartiyasının praktik əməkdaşlıq mexanizminə çevrilməsidir. Xartiyanın əhatə etdiyi sahələrə nəzər saldıqda regional bağlantılar, investisiyalar, enerji təhlükəsizliyi, rəqəmsal infrastruktur və süni intellekt kimi istiqamətlərin ön plana çıxdığı görünür. Bu isə onu göstərir ki, Azərbaycan qlobal iqtisadi transformasiyanın əsas trendlərinə inteqrasiya etməyə çalışır.
Xüsusilə süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivi diqqət çəkir. ABŞ bu sahələrdə dünya liderlərindən biri hesab olunur və Azərbaycanın bu istiqamətdə tərəfdaşlıq imkanlarını genişləndirməsi ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına ciddi təkan verə bilər. Bu əməkdaşlıq yalnız texnologiya transferi baxımından deyil, həm də yerli insan kapitalının inkişafı və innovasiya ekosisteminin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər vacib məqam kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanmasıdır. Son illərdə yaşıl enerji keçidi və yüksək texnologiyalar istehsalında istifadə olunan strateji xammallara qlobal tələbat sürətlə artır. ABŞ və digər böyük iqtisadiyyatlar kritik minerallar üzrə təchizat zəncirinin şaxələndirilməsinə xüsusi önəm verir. Azərbaycanın bu prosesdə iştirak etməsi ölkənin iqtisadi potensialını genişləndirməklə yanaşı, onu beynəlxalq sənaye və texnologiya layihələrinin mühüm iştirakçılarından birinə çevirə bilər.
Bütün bunlar göstərir ki, Azərbaycan-ABŞ İqtisadi Dialoqu təkcə iqtisadi əlaqələrin inkişafı deyil, həm də geosiyasi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli platformadır. Əgər tərəflər əldə olunmuş razılaşmaları konkret layihələrə çevirə bilsələr, bu əməkdaşlıq yaxın illərdə Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb olunmasına, texnoloji modernləşməyə və ölkənin regional iqtisadi mərkəz kimi mövqeyinin güclənməsinə xidmət edə bilər.