ABŞ-İsrail-İran müharibəsi 39-cu günündə daha da gərginləşib. İranın müxtəlif bölgələrinə edilən hücumlar nəticəsində həm hərbi, həm də mülki hədəflərin zərər gördüyü bildirilir.
Sherg.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Əlburz əyalətində yaşayış məntəqələrinə təşkil olunan hücumlar nəticəsində 2-si uşaq olmaqla ümumilikdə 18 nəfər həyatını itirib. Hadisə ölkədə ciddi narahatlıq yaradıb.
Digər tərəfdən, ABŞ və İsrail qüvvələrinin İranın hava nəqliyyatı infrastrukturunu hədəf aldığı qeyd olunur. Məlumata əsasən, əvvəlcə Loristan əyalətində yerləşən Xürrəmabad hava limanına zərbə endirilib. Daha sonra isə Tehrandakı Mehrabad hava limanının da hücuma məruz qaldığı bildirilib.
Vaşinqtondan isə diqqətçəkən iddia səsləndirilib. ABŞ-ın “142-ci birlik” adlandırılan hərbi qüvvəsinin Yaxın Şərqə doğru hərəkətə keçdiyi irəli sürülür. Bu addımın müharibənin gedişatına ciddi təsir göstərə biləcəyi ehtimal edilir.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır və tərəflər arasında qarşılıqlı zərbələr davam edir. Münaqişənin yaxın günlərdə daha da genişlənə biləcəyi istisna olunmur.