ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM

  • Paşinyanın konstitusiya addımı sülhün qapısını açır
  • Bakının tələbi Ermənistanın yeni konstitusiyasında nəzərə alınacaq

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin birinci ildönümünə çox az vaxt qalıb. Lakin Azərbaycanın yekun sülh üçün Ermənistanın qarşısına qoyduğu konstitusiya dəyişikliyi tələbi hələ də həllini tapmayıb. Baş nazir Nikol Paşinyanın bugünkü açıqlaması yekun sülh sazişinin imzalanacağına dair ümidləri artırıb.

Paşinyan bildirib ki, yeni konstitusiya layihəsi ilin sonunadək ictimaiyyətə təqdim ediləcək. Mətbuatda Vaşinqtonda başlanan sülh prosesinin elə ABŞ-də yekunlaşacağına dair fikirlər səsləndirilir. ABŞ prezidenti Donald Tramp həmkarı İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. Trampın Paşinyanı da dəvət edəcəyi gözlənilir. Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı açıqladığı vaxtla G20 sammitinin keçiriləcəyi tarixlərin bir-birinə yaxın olması Bakı ilə İrəvan arasında yekun sülh sazişinin məhz həmin toplantıda imzalanacağına dair ehtimalları gücləndirib.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Sherg.az-a bildirib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycanın tələb etdiyi məsələ mütləq şəkildə öz əksini tapmalıdır:

“Paşinyanın daha əvvəl verdiyi açıqlamalara nəzər saldıqda rəsmi İrəvanın mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü görə bilərik. Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanılması sülh prosesinə kölgə salır. Lakin Paşinyan dəfələrlə Qarabağ hərəkatının başa çatdığını və Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın ləğv edilməsinin vacibliyini vurğulayıb. Ermənistan rəsmiləri də anlayırlar ki, bu məsələ həll olunmayacağı təqdirdə yekun sülh sazişi imzalanmayacaq. Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin taleyi də sülh sazişinin imzalanmasından asılıdır”.

Politoloqun sözlərinə görə, Bakının tələbi yeni konstitusiyada nəzərə alınacaq:

“Böyük ehtimalla, Tramp G20 zirvəsinə Paşinyanı da dəvət edəcək. ABŞ Cənubi Qafqazda balanslı siyasət xətti yürüdür. TRIPP başda olmaqla strateji layihələr Trampın iki ölkə arasında yekun sülhün əldə olunmasına marağını artırır. Bu baxımdan Trampın Paşinyanı da dəvət etməsi və Vaşinqtonun Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında vasitəçilik etməsi istisna deyil. Çünki 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması regiondakı geosiyasi vəziyyəti köklü şəkildə dəyişib”.

A.Nərimanlı qeyd edib ki, yekun sülh sazişinin ABŞ-nin iştirakı ilə rəsmiləşdirilməsi Vaşinqton Bəyannaməsinin məntiqi sonluğu kimi dəyərləndirilə bilər:

“Lakin bunun hansı beynəlxalq platforma çərçivəsində baş tutacağı Ermənistanın atacağı addımlardan asılı olacaq. Rəsmi İrəvan konstitusiyanı dəyişməyə maraqlı olsa da, bunu nə vaxt reallaşdıracağı hələ bəlli deyil. Prezident İlham Əliyev bildirib ki, yekun sülh sazişinə yeganə maneə məhz budur. Bu məsələ həll edildikdən bir və ya bir neçə gün sonra belə Azərbaycan və Ermənistan paraflanmış sülh sazişinə yekun imzanı ata bilər”.