Antiterror tədbirlərindən başqa çıxış yolumuz qalmır

Hər gün mina qurbanlarının sayı artır

Heç nəyə məhəl qoymadan öz yolumuzla getməliyik

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə mina  partlayıb. Təxribat nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nəfər əməkdaşı həlak olub. 

Vurğulanıb ki, eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar. Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirilməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır. 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib. Ombudsman Səbinə Əliyeva deyib ki, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir: "Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir edir. Nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha sübut edir". Son günlərin statistikası göstərir ki, Ermənistan sərhədimizə texnika və canlı qüvvə yığır, artilleriya cəmləşdirir, paralel olaraq Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının gözü qarşısında “səngər” qazır, fortifikasiya qurğuları inşa etməyə çalışırlar. Ən son statistikaya görə, Qarabağdakı qanunsuz silahlı dəstələrin bu ilin martında 499 mövqeyi var idisə, bu rəqəm avqustda 671, sentyabr ayında isə 737-yə yüksəlib. 
  
Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, adətən ABŞ, Fransa, o cümlədən Avropa İttifaqı, Şurası və Parlamenti, bəzən Rusiya və İran hər zaman Azərbaycanı ona görə qınayır, irad bildirir ki, "siz erməni terrorçularına, separatçılara qarşı dözümsüzsünüz". Yəni bir növ deyirlər ki, ermənilərə şərait yaradın ki, sizə yaxşı müqavimət göstərsinlər, terror törətsinlər. Deputatın sözlərinə görə, Ermənistanın havadarlarının bizdən tələbləri budur: 

"Qarabağın hazırda ermənilər yaşayan bölgələri dağlıq-təpəlik ərazilərdir. Həmin bölgələrdə düşmənin təxribatlar və teraktlar törətməsi üçün münbit şərait var. O baxımdan ərazilərimiz bütün separatçılardan, terrorçulardan və silahlı dəstələrdən təmizlənməlidir. Çünki vaxt ötdükcə erməni silahlıları mövqelərini gücləndirir, əraziyə əlavə texnika cəmləyirlər. Bu da bizim üçün təhlükə mənbəyidir. Antiterror tədbirləri görməkdən başqa çıxış yolumuz qalmır. 44 günlük müharibə bitəndən bu yana ABŞ-də, Avropada, Rusiya keçirilən görüşlər, imzalanan sənədlər heç bir fayda verməyib. Ermənilər öz bildiklərini ediblər. Havadarları onları daim dəstəkləyir, silahlandırır, müxtəlif vədlər verməklə təxribatlara sövq edirlər. Azərbaycan müstəqil, suveren dövlət kimi öz qanunlarına və beynəlxalq prinsiplərə istinad edərək, antiterror tədbirləri həyata keçirir. Nəzərə alaq ki, ərazimizdə həm separatçı qurum mövcuddur, eyni zamanda Ermənistana məxsus silahlı birləşmələr var. Onların kökü kəsilməyənədək, təxribatlar, terror aktları baş verəcək. Heç nəyə məhəl qoymadan öz yolumuzla getməliyik. Məqsədimiz torpaqlarımızı işğalçılardan, separatçılardan təmizləməkdir. Əlbəttə, Azərbaycanın istəyi sülhdür, ancaq bizi anti-terror tədbirləri görməyə məcbur edirlər".