Argentina ilə Braziliya arasında gərginlik: Təhqir diplomatik böhran yaratdı

Argentina Prezidenti Xavyer Mileyin braziliyalı həmkarı Luis İnasiu Lula da Silvanı “oğru” adlandırmasından sonra iki ölkə arasında diplomatik gərginlik yaranıb.

Teleqraf xəbər verir ki, Braziliya bundan sonra Argentina səfirinin Buenos-Ayresə geri çağırılmasını tələb edib.

Braziliya Buenos-Ayresdəki səfirini məsləhətləşmələr üçün geri çağıraraq Argentina ilə diplomatik təmsilçilik səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirib.

Miley LN+ telekanalına müsahibəsində Lula barədə bunları deyib: “O oğrudur, korrupsiyaya bulaşmış şəxsdir. Oğurluq və korrupsiya ittihamı ilə məhkum edilib və həbsdə olub. Buna görə də onu məhkum adlandıra bilərik”.

Argentina Xarici İşlər Nazirliyi də Braziliya hökumətinin iki ölkə arasında diplomatik təmsilçilik səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirdiyini təsdiqləyib.

Lulaya qarşı niyə bu qədər sərt mövqe tutduğu soruşulduqda Miley belə cavab verib: “Sizdən kimsə oğurluq edəndə bu aqressiya yaratmır? Oğruya “oğru” demək oğurluğun özündən qat-qat yüngüldür”.

Argentina Prezidenti əlavə edib: “Onu günahsız olduğu üçün deyil, prosedur xarakterli səhvə görə azad etdilər. Buna görə də o, oğru və korrupsiyaya bulaşmış dövlət məmurudur”.