Azərbaycan “boz zona”nı təmizləməkdə israrlıdır

Erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal xuntanın qurbanıdır 
  
Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə Azərbaycanın işğal altında olan ərazilərində milli-mədəni və təbii sərvətləri talanıb. Bunun müqabilində bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şərait olan, nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”dır.

 Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmaya uyğun olaraq Rusiya sülhməramlılarının yerləşməsi ilə Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılması ilə bağlı tələbi pozub. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problemlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb, lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına imkan verməyiblər. Əksinə, onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Müharibədən ötən 3 il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər ediblər, həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, bu tipli fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaqardına vurulub. 
  
Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ-də Dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı kriminal xunta tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə göndərilməli olan ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də - 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub. Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan Silahlı Qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da 6 nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu.   
 
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşdırılmasına yönəlib. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, mülki əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər həyata keçirilir. Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal xuntanın qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin və hərbi obyektlərin məhv edilməsi, hərbçilərin tərksilah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərər edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək.