- Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün balanslı diplomatik addımlarla bərabər, hərbi güc mühüm rol oynayır
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, həmçinin böyük şair və mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans islam həmrəyliyi və Türk birliyinin Azərbaycan üçün prioritet olduğunu göstərdi.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli hesab edir ki, Azərbaycan islam həmrəyliyinə və Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə hər zaman öz töhfəsini verib. Ə.Bəydəmirli Sherg.az-a açıqlamasında qeyd etdi ki, cənab Prezident İlham Əliyevin timsalında Azərbaycanın dövlət siyasətində bu xəttin davam etdiriləcəyi də şübhəsizdir:
- Son dönəmlər regionda və Orta Şərqdə münaqişələrin dərinləşdiyi, uzunmüddətli müharibə riskinin artdığı dövrdə sülhün, sabitliyin bərqərar olmasının zəruriliyi bir daha bəlli olur. Çünki dağıdıcı xarakter daşıyan müharibələr, münaqişələr heç bir sivil cəmiyyətə, dinc insanlara rahatlıq gətirmir. Məhz belə məqamda Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən əhəmiyyətli tezislərlə çıxış etdi. Dövlət başçısının təbirincə, Azərbaycan Türk dünyası ilə Qafqazı birləşdirən coğrafi və tarixi mərkəzlərdən biridir. Bu baxımdan həm regionda, həm də Orta Şərqdə islam həmrəyliyinə, türk birliyinə Azərbaycanın verəcəyi töhfə realdır və əhəmiyyətlidir. Digər tərəfdən Prezident İlham Əliyev regionda sabitliyi qorumaq və sülh təşəbbüslərini gerçəkləşdirmək üçün Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatı baxımından hərbi gücünün artırılmasının vacibliyini vurğuladı. Gerçəkdən sülhü, sabitliyi qorumaq, gələn təhlükələri aradan qaldırmaq üçün hərbi güc faktoru zəruridir. Məhz kifayət qədər həssas və müharibə riski olan bölgə sayılan Cənubi Qafqazda sabitliyi qoruyub saxlamaq üçün balanslı diplomatik addımlarla bərabər, hərbi güc mühüm rol oynayır.