- Türk nüfuzunun artması bəzi qüvvələri narahat edir
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Sherg.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir: “İki dövlət, bir millət. Azərbaycanla bu şüara bağlıyıq.
Hər kəsin öz daxili siyasi gündəmi fərqli ola bilər. Fərqli qiymətləndirmələr də mümkündür. Aramızda fikir ayrılığı yarandıqda bunu iki qardaş ölkə olaraq açıq şəkildə bölüşür və yolumuza davam edirik. Cənab Prezidentimizlə cənab Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var. Aramıza girməyə çalışan bəzi ölkələr var. Buna imkan verməyəcəyik. Türkiyə daxilində bəzi qrupların, bəzi sosial media platformalarının Azərbaycanı yanlış şəkildə hədəfə aldığını görürük. Bunun partiyamız və hökumətimizlə hər hansı əlaqəsinin olması mümkün deyil”.
Mövzunu Sherg.az-a şərh edən Politoloq Oqtay Qasımov Ömər Çelikin açıqlamasını Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətinə və ruhuna uyğun mövqe kimi qiymətləndirib. O, bildirib ki, Ömer Çelik Türkiyə siyasətində, o cümlədən hakim Ədalət və İnkişaf Partiyasında (AKP) mühüm fiqurlardan biridir və Prezident Rəcəb Tayyib Ərdoğana yaxın şəxslərdən sayılır:

“Ömər Çelikin bu məzmunda açıqlama verəcəyi gözlənilən idi. Türkiyə siyasətində uzun illərin təcrübəsindən keçmiş, siyasi prosesləri dərindən bilən şəxslər məsələlərə hər zaman soyuqqanlı yanaşırlar. Ömer Çelik də haqlı olaraq qeyd edir ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan həm xarici, həm də daxili qüvvələr var. Bu qüvvələr iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xələl gətirmək üçün müxtəlif cəhdlər göstərirlər”.
Oqtay Qasımovun sözlərinə görə, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri, eləcə də prosesləri obyektiv qiymətləndirən sağlam düşüncəli insanlar bu cür təxribatların qarşısını almağa çalışırlar. O vurğulayıb ki, iki ölkə arasında müzakirə edilə və qarşılıqlı anlaşma yolu ilə həllini tapa bilməyən məsələ yoxdur: “Azərbaycanla Türkiyə arasında istənilən məsələni, istənilən vaxt müzakirə etmək və qarşılıqlı anlaşma əsasında həll yolu tapmaq mümkündür. Əlbəttə, biz “Bir millət, iki dövlət”ik. Lakin bu, maraqlarımızın bütün məsələlərdə eyni olması demək deyil. Əksər hallarda maraqlarımız üst-üstə düşür. Fərqli yanaşmalar ortaya çıxanda isə tərəflər öz mövqelərini bir-birinə rahat şəkildə izah edə, ortaq məxrəcə gələ bilirlər”.
Politoloq hesab edir ki, Türkiyənin daxilində özünü dindar kimi təqdim edən, lakin başqa ölkələrin təsiri altında fəaliyyət göstərdiyi iddia olunan bəzi qruplar Azərbaycan əleyhinə əsassız kampaniyalar aparırlar. Onun sözlərinə görə, bu qruplar Fələstinə dəstək ritorikasından istifadə edərək Azərbaycana qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar:
“Azərbaycan-Türkiyə ittifaqının güclənməsi və iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi bəzi regional güclərin maraqlarına uyğun gəlməyə bilər. Həm Türkiyə, həm də Azərbaycanla qonşu olan bəzi dövlətlər iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsində maraqlı olmaya bilərlər”.
O. Qasımov konkret dövlətlərin adını çəkmək istəmədiyini, lakin belə qüvvələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, söhbət həm Azərbaycanla, həm də Türkiyə ilə müəyyən münasibətləri olan, eyni zamanda hər iki ölkə ilə problemlər və gərginliklər yaşayan dövlətlərdən gedir: “Türk nüfuzunun artması, Azərbaycan-Türkiyə ittifaqının Cənubi Qafqazda və Yaxın Şərqdə əsas güc mərkəzlərindən birinə çevrilməsi, gələcəkdə isə Mərkəzi Asiyada daha fəal rol oynaması bəzi qüvvələrin maraqlarına uyğun gəlmir. Həmin qüvvələr təsir qrupları və agentura şəbəkələri vasitəsilə iki ölkə arasında ziddiyyət yaratmağa, münasibətləri korlamağa və yaranan vəziyyətdən manipulyasiya məqsədilə istifadə etməyə çalışırlar. Həm Azərbaycanda, həm də Türkiyədə proseslərin mahiyyətini anlayan şəxslər bu cür cəhdlərin qarşısını almağa və ikitərəfli münasibətlərin zədələnməsinə imkan verməməyə çalışırlar”.